Əsas Səhifə > Şou-biznes > 18 SENTYABR... MİLLİ MUSİQİ GÜNÜDÜR

18 SENTYABR... MİLLİ MUSİQİ GÜNÜDÜR


18-09-2026, 06:01

“Dahilik şəxsi uğur sayıla bilməz. Anadangəlmə keyfiyyətdir. Digər tərəfdən dahilik fenomenini izah etmək də çox çətindir. Səbəb verginin verilmə dərəcəsinin müxtəlifliyindədir”. İosif Brodski
Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Üzeyir Hacıbəyovun anadan olmasının 141 illiyidir.
Üzeyir Hacıbəyov: “Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün-sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək.”
DAHİ ÜZEYİR BƏY İSTEDADI NECƏ TAPIRDI
Böyük Bəstəkar, pedaqoq, Xalq artisti Cövdət Hacıyev: "Üzeyir Hacıbəyovla ilk görüşüm 1926-cı ildə oldu. Valideynlərim mənə musuqi təhsili vermək və hər hansı bir musiqi alətində çalmağı öyrənməyimi istəyirdilər. Anam məni Lermontov küçəsində yerləşən musiqi məktəbinə apardı; o illərdə bu məktəbdə həm də konservatoriya yerləşirdi. Məktəbə daxil olduqda anam direktorun qapısını döydü. Qapını Üzeyir Hacıbəyovun özü açdı, gülümsəyərək bizi içəriyə dəvət etdi. O, anamın xahişini dinləyərək dedi:
-Çox yaxşı ki, Siz gəlmisiniz, Deməli, bu uşaq musiqiçi olmaq istəyir? Nə edək, bu çox böyük və gözəl arzudur. Hansı alətdə çalmaq istəyirsən?-deyə Üzeyir bəy mənə tərəf döndü. Özümü itirərək anama sarı döndüm. Üzeyir bəy bunu hiss edərək dedi:
-O, skripkada çalacaq. Mən də nə vaxtlarsa skripkada çalırdım, sonra musiqi yazmağa başladım və bəstəkar oldum. Sən də bəstəkar olacaqsan, bunun üçünsə çoxlu məşğul olmaq, əziyyət çəkmək lazımdır. Üzeyir bəyin çağırışı ilə kabinetə hündürboylu bir adam daxil oldu. Bu professor S. Bretanski idi.
-Semyon Leontoviç, budur, gələcəyin bəstəkarı, ona hər bir şeyi öyrədin." Beləliklə, mən musiqi məktəbinə qəbul olundum.
Üzeyir bəyin faytonçuya bağışladığı ayaqqabı
Mirzə ibrahimov yazır: "Üzeyir Hacıbəyov danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir. Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox... Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.
-Neçəyə aparırsan?-deyib soruşur.
faytonçu "filan qədər verərsən" dedikdə, Üzeyir bəy təzəcə geydiyi ayaqqabısını göstərir:
-Xoşuna gəlir?
Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:
-Gəlin oturun!
Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir ayaqqabıları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı "Nicat" adlı Xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu."
Bütün dahilərin həyatı gənclərə öyrədilməlidir.
P.S. Bu cür mətnlər dərsliklərə salınmalıdır. Örnək, Örnək, yenə də, Örnək...
Üzeyir Hacıbəyovun tələbələri:Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və başqaları.
Etibar Əliyev - keçmiş deputat 
"DİA-AZ "

Geri qayıt