Əsas Səhifə > Şou-biznes > "Əsərlərimi Mədəniyyət mərkəzində uşaqlarla birlikdə hazırlamışam..."

"Əsərlərimi Mədəniyyət mərkəzində uşaqlarla birlikdə hazırlamışam..."


28-09-2026, 08:02

“Müharibənin insanlara vurduğu ağrı-acı, onların ev-eşiklərindən didərgin düşməsini əlbəttə ki, heç vaxt unutmayacağıq. Zəfər qazanandan sonra sevincimizin həddi-hüdudu olmadı. Çox sevindik. İndi də sevinirik, şükür edirik. Bircə ona görə təəssüflənirik ki, qəhrəman oğullarımızı şəhid verdik. Ən böyük təsəllimiz isə torpaqlarımızın azad olunmasıdır. Zəfər qazananda o qədər sevinmişdim ki.. Sevincimdən az qalmışdı ki, ürəyim partlasın. Bu yaşa qədər mən ömrümdə o qədər sevinməmişdim. Allah cəmi şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun ömür versin. Azadlığımıza görə çox şükürlər olsun. Var olsun müzəffər ordumuz, var olsun Ali Baş Komandanımız. Azadlığı onlar bizə yaşatdı.. Qəhrəman oğullarımız.. İndi Qarabağın hər tərəfi o qəhrəman oğulların tökülən qanları ilə gül-çiçəyə dönüb. Qarabağın hər qarışı o qəhrəman oğullardan söz açır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Şükufə Musayeva deyib. O daha sonra əlavə edib:

“44 günlük müharibə müddətində də inanırdım ki, torpaqlarımız azad olunacaq. Çünki o yerlər, o yurdlar bizim idi, bizim də oldu. Mən müharibəyə nifrət edirəm. Kim istəyər ki, müharibə olsun, insanlarının arzularının üstündən qara xətlər çəkilsin?! Şəxsən mən istəmirdim. Birinci Qarabağ müharibəsində vətənin müdafiəsi üçün döyüşə yollanmışam. Müharibəni biz istəməmişik, onlar istədilər, cavablarını da aldılar. Bizi 30 il gözüyaşlı qoydular, indi də özləri gözüyaşlı qalsınlar.. Onların indi yaşadıqları İrəvan da, Qərbi Azərbaycan torpaqları da bizimdir. Onlar nə vaxtsa həmin torpaqlardan da gedəcəklər. Yurd bizimdir, yurdun yiyəsi də bizik. Allah xalqımıza can sağlığı versin, xoş günlər nəsib etsin. 44 günlük müharibədə bütün xalq bir oldu, hamı ayağa qalxdı. Mən özüm də deyirdim ki, müharibə uzansa yenidən döyüşə yollanacam. Şükür ki, müharibə 44 günə başa çatdı. Var olsun Azərbaycan ordusu, var olsun xalqımız, yaşasın ordumuz” deyə o bildirib.

Xalq artisti bildirib ki, vətənpərvər mövzuda bir neçə əsər yazıb və səhnələşdirib. Tezliklə həmin əsərləri Şuşada teatr səhnəsində hazırlamaq istəyir:

“Şuşaya qayıtmaq, orada fəaliyyət göstərmək ən böyük arzularımdan biridir. Bəzən zəfərimizlə bağlı tamaşaların yoxluğundan şikayətlənirlər. Vallah var. Mən özüm də zəfərimizlə bağlı “Zəfərə gedən yol” yaxud “İnam” adlı əsər yazdım və onu teatrımızda səhnələşdirdim. Yəni qəhrəmanlarımız inanıb orduya yollandılar. Hər şeyin başlanğıcı ianmdır. Çox gözəl bir əsərdir. Bu tamaşada ağrı-acılarımız, vətən sevgisi, vətənə görə özünü fəda edən oğullarımızın həyatı, şəhid analarının fəryadı, gənc qızlarımızın öz məhəbbətinə necə sadiq qalmaları yer alıb. Əsər tamaşaçılar tərəfindən də çox sevilir. Bu tamaşanı biz 9 dəfə oynamışıq.. Zaldakı tamaşaçılar o qədər heyranlıqla izləyiblər ki.. Hətta analar tamaşa gedən zaman dedilər ki, “müharibə ilə bağlı bu qədər film və tamaşa izləmişik, amma belə əsər görməmişik”. Mənim vətən, ana, qəhrəmanlıq mövzusunda çox əsərim var. Xocalı soyqırımı, şəhidlərimizlə bağlı əsərlərimi Mədəniyyət mərkəzində uşaqlarla birlikdə hazırlamışam. O əsərləri mən qələmə alanda içimdəki ağrı-acıları, vətən və ana sevgisini orada əks etdirmişəm. İnşallah ki, teatrımız doğma məkanına qayıtsın, orada vətənpərvərlik mövzusunda tamaşalar hazırlayıb, hamısını səhnələşdirəcəm. 30 şəhidimizin hekayəsi haqda da kitab yazmışam. Bu və digər əsərlərimi də tezliklə çap edəcəm” deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Xalq artisti Şükufə Musayeva Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib. O ağır döyüşlərdən bədənində yüzlərlə qəlpə ilə sağ çıxıb.


Geri qayıt