Əsas Səhifə > Şou-biznes > “Ankarada qızımın yanındayam, Bakıya qayıdan kimi məzarını ziyarət edəcəm...”
“Ankarada qızımın yanındayam, Bakıya qayıdan kimi məzarını ziyarət edəcəm...”5-10-2026, 06:41 |
|
“Bu gün Hacının anım günüdür. Yaxınları, ailə üzvləri ona “Hacı” deyə müraciət edirdi. Amma bəzi səbəblərdən mən Ankarada, qızımın yanındayam. 2 gün sonra Azərbaycana qayıdacam və ilk işim Hacının məzarını ziyarət etmək olacaq. Hacı hər zaman bizim ağlımızda, dilimizdədir. Çox qürur duyuram və xoşbəxtəm ki, məhz Hacı kimi insanla rastlaşıb, ailə həyatı qurmuşam, onun xanımı olmuşam” Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Hacıbaba Bağırovun ömür-gün yoldaşı Arzu Bağırova deyib. O daha sonra əlavə edib: “Hacının məndə canlı yadigarı-qızımız Şölə var. Bilirsiniz ki, bizim övladımız Ankarada, Hacettepe universitetində “Siyasi bilimlər və dövlət idarəçiliyi” fakültəsini bitirdi. Hazırda eyni universitetin “Beynəlxalq əlaqələr” ixtisasının magistr pilləsindədir. Ümid edirəm ki, Allah onun da əziyyətini yerdə qoymayacaq. Ən böyük istəyim və arzum budur ki, Şölə Hacıya layiq övlad olsun” deyə o bildirib. Arzu Bağırova bildirib ki, sosial şəbəkələrdə sənətkarın ünvanına yazılan xoş sözlər onu və yaxınlarını fərəhləndirir: “O tək bizim ailəmizin sevimlisi, dəyərlisi deyil, mən bilirəm ki, Azərbaycan xalqı, dövlətimiz hər zaman Hacıbabanın sənətinə yüksək dəyər verib. İnsanların gözəl rəylərindən Hacıya olan münasibəti görürəm və onların hər birinə təşəkkür edirəm. Bugünkü gündə onun adına yazılan hər rəhmət mesajı mənim üçün çox dəyərlidir. Mən buna çox böyük dəyər verirəm. İnsanlar öz vaxtını ayırıb orada rəy yazırlar. Gözəl söz yazanlara gözəl gün arzulayıram. Allah onların da ölənlərinə rəhmət etsin, məkanları cənnət olsun” deyə o bildirib.
Geri qayıt |