Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Müəllimlərin müraciətini EŞİDƏN YOXDUR!
Müəllimlərin müraciətini EŞİDƏN YOXDUR!4-10-2026, 06:57 |
"Biz, Bakı şəhəri, Xəzər rayonu, Ramiz Qasımov adına 216 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri olaraq məktəbdə yaranmış vəziyyətlə bağlı yenidən müraciət etmək məcburiyyətindəyik..." "DİA-AZ" xəbər verir ki, bu barədə ictimai fəal Elçin Əliyevin sosial şəbəkə hesabındakı paylaşımda yer alan və müəllimlər adından yayılan müraciətdə deyilir.Müraciətdə daha sonra bildirilir: "Əvvəlki müraciətlərimizdə məktəbdə müəllimlərə qarşı təzyiq, hədə-qorxu, qeyri-bərabər münasibət və gərgin iş mühiti barədə məlumat vermişdik. Təəssüf ki, şikayətlərimizə lazımi şəkildə baxılmır və qeyd etdiyimiz problemlər aradan qaldırılmır. Əksinə, müəllimlərə qarşı təzyiq və hədə-qorxu hallarının yenidən davam etdiyi müşahidə olunur.
Bundan əlavə, işdən xaric edilmiş, lakin məhkəmədə öz hüquqlarını müdafiə edərək qalib gəlmiş müəllimlə bağlı mübarizənin davam etdirilməsi məqsədilə keçən il müəllimlərdən 50 manat vəsait toplanmışdır. Hazırda isə yenidən vəkil xərcləri üçün hər müəllimdən 30 manat məbləğində vəsait toplanması tələb olunur.
Biz hələ də BŞTİ-nin etdiyimiz çoxsaylı şikayətlərə nə üçün lazımi münasibət göstərmədiyini, müraciətlərimizi nə üçün gözardı etdiyini və məsələlərə niyə, belə demək mümkündürsə, “dırnaqarası” yanaşdığını anlaya bilmirik. Şikayətlərimizə obyektiv araşdırma aparılmadan münasibət göstərilməsi bizdə haqlı suallar yaradır.
Bundan əlavə, Çinarə Cəbrayılovanın dediyi “BŞTİ-də mənim adamlarım var” məzmunlu ifadələr də bu vəziyyətlə bağlı ciddi narahatlıq yaradır. Əgər belə bir ifadə həqiqətən doğrudursa, BŞTİ-yə edilən şikayətlərin nəticəsiz qalmasının səbəblərinin və bu məsələdə hər hansı şəxsi əlaqələrin olub-olmamasının araşdırılmasını zəruri hesab edirik.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdiyimiz müraciət və şikayətlərin nəticəsiz qalması vəziyyəti daha da ağırlaşdırır. Müəllimlərin səsinin eşidilməsini, hüquqlarının qorunmasını və məktəbdə sağlam iş mühitinin yaradılmasını istəyirik.
Xahiş edirik ki, qeyd etdiyimiz faktlar obyektiv və hərtərəfli araşdırılsın, müəllimlərdən vəkil xərcləri adı ilə vəsait toplanması məsələsinə hüquqi qiymət verilsin, müəllimlərə qarşı hədə-qorxu və təzyiq hallarının qarşısı alınsın, BŞTİ-nin əvvəlki şikayətlərimizə münasibəti araşdırılsın və müraciətlərimizin niyə nəticəsiz qalmasının səbəbləri müəyyən edilsin.
Müraciətimizin obyektiv şəkildə araşdırılacağına və müəllimlərin hüquqlarının qorunacağına ümid edirik..."
Geri qayıt |