Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Bir həftədir internet normal işləmir..."
"Bir həftədir internet normal işləmir..."30-09-2026, 07:12 |
|
Naxçıvan şəhərində internetin bir həftədir normal sürətlə işləmədiyi və tez-tez kəsildiyi bildirilir. Xüsusilə “Araznet” abonentləri bağlantının tez-tez tamamilə kəsildiyini, bərpa olunduqda isə sürətin WhatsApp üzərindən səsli danışığa belə imkan verməyəcək qədər zəif olduğunu deyirlər.
Abonentlər şirkətin qaynar xəttinə edilən zənglərin və WhatsApp nömrəsinə yazılan müraciətlərin də cavabsız qaldığını bildirirlər.
“Gündəlik Naxçıvan”a müraciət edən Rafiq Dadaşov eyni problemlə üzləşən abonentlərin sayının minlərlə olduğunu ehtimal edir.
Onun sözlərinə görə, xidmət normal göstərilməsə də, abonentlərdən aylıq ödəniş tam şəkildə alınır:
“Bir həftədir internet normal işləmir. Gah şəbəkə gedir, gah gəlir, gələndə də çox zəif olur. Ayda 15 manat ödəyirik, amma WhatsApp-la normal səsli danışmaq belə mümkün deyil, səs tez-tez kəsilir. Bildiyimə görə, iki-üç min, bəlkə də daha çox abonent eyni vəziyyətdədir. ‘Araznet’ rəhbərliyi problemi ciddi şəkildə araşdırıb tədbir görməlidir”.
Abonentlər xidmətlə bağlı şikayətlərini şirkətə çatdırmaqda da çətinlik çəkdiklərini bildirirlər. Digər şikayətçi Fariz Quliyev deyir ki, “Araznet”in qaynar xəttinə dəfələrlə zəng etsə və WhatsApp nömrəsinə yazsa da, müraciətləri cavabsız qalıb:
“Qaynar xəttə on dəfə zəng edirəm, cavab verən yoxdur. Xəttdə musiqi səslənir, amma telefonu götürmürlər. WhatsApp nömrəsinə yazırıq, orada da mesajlara baxan yoxdur. İnternet paketinin vaxtı bitən kimi xidməti dərhal dayandırırlar, amma problem yarananda günlərlə düzəldən tapılmır”.
Fariz Quliyev həmçinin iddia edir ki, bəzi hallarda internet paketinin bitməsinə üç-dörd gün qalmış sürət zəifləyir. Onun sözlərinə görə, bununla bağlı Naxçıvandakı rabitə qurumuna müraciət etdikdə məsələnin həmin qurumun səlahiyyətində olmadığı və birbaşa “Araznet”lə əlaqə saxlamalı olduğu bildirilib.
Geri qayıt |