Əsas Səhifə > Dünya > Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu...

Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu...


Dünən, 08:44

Rusiyanın Rostov-na-Donu şəhərində oktyabrın 10-na keçən gecə baş verən pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində dəmir yolu körpüsü zədələnib, neft məhsullarının daşınması ilə məşğul olan terminalda isə yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrainska Pravda” nəşri, “Kyiv Independent” və Rusiyanın müstəqil “ASTRA” nəşri məlumat yayıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar da hücum nəticəsində dəmir yolu infrastrukturuna və yaşayış binalarına ziyan dəydiyini təsdiqləyib.
Neft terminalında güclü yanğın...
“Ukrainska Pravda”nın məlumatına görə, hücum zamanı Rostov-na-Donudakı Novoşaxtinsk Neft Məhsulları Zavodu ilə əlaqəli neft terminalında yanğın başlayıb(Dünən- 10 oktyabr tarixində Moderator.az bu haqda yazıb: ). “Kyiv Independent” isə yerli sakinlərin çəkdiyi görüntülərin təhlilinə istinadla yanğının “Yuq Rusi” şirkətlər qrupuna aid neft yükləmə terminalında baş verdiyini yazıb.
Nəşrin qeyd etdiyinə görə, terminal neft məhsullarının ixrac üçün daşınmasında, o cümlədən Novoşaxtinsk neft emalı zavodundan gələn məhsulların nəqlində iştirak edir.
Ukrayna mediası və hərbi mənbələr bu cür enerji infrastrukturuna zərbələrin Rusiyanın yanacaq təminatına və enerji gəlirlərinə təsir göstərmək məqsədi daşıdığını vurğulayır. Bununla belə, son hücumun konkret olaraq hansı obyektə nə dərəcədə ziyan vurduğu barədə bütün təfərrüatlar müstəqil şəkildə təsdiqlənməyib.
Dəmir yolu körpüsünün zədələnməsi qatarların hərəkətinə təsir göstərib...
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum nəticəsində Rostov-na-Donu ilə Bataysk arasındakı dəmir yolu sahəsində yerləşən körpünün zədələndiyini bildirib. Rusiya Dəmir Yollarının Şimali Qafqaz dəmir yolu bölməsinin məlumatına görə, körpünün zədələnməsi səbəbindən 16 qatar gecikib.
Rusiya tərəfinin açıqlamasına əsasən, körpüdə hərəkət müvəqqəti dayandırıldıqdan sonra bərpa olunub. Bu infrastrukturun zədələnməsi bölgədə sərnişin və yük daşımalarına təsir göstərib.
ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) oktyabrın 10-na dair hesabatında da Rostov vilayətində neft və dəmir yolu infrastrukturuna qarşı PUA zərbələrindən bəhs edilir. Hesabatda dəmir yolu körpüsünün zədələnməsinin Rusiyanın cənub istiqamətindəki nəqliyyat əlaqələrinə təsiri qeyd olunur.
6 nəfərin xəsarət aldığı bildirilir
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın məlumatına görə, hücum nəticəsində altı nəfər tibbi yardıma müraciət edib. Onlardan ikisinin orta ağır vəziyyətdə xəstəxanada qaldığı bildirilib.
Rostov-na-Donuda bir neçə çoxmənzilli və fərdi yaşayış evinə ziyan dəyib. Bataysk şəhərində isə PUA-nın yaşayış kompleksindəki boş binaya düşdüyü və yanğın baş verdiyi açıqlanıb.
Bundan başqa, Azov şəhərində 2 gəminin zədələndiyi bildirilib. İlkin məlumatlara əsasən, gəmilərdə ölən və yaralanan olmayıb.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 9-dan 10-na keçən gecə ölkənin müxtəlif regionları üzərində yüzlərlə Ukrayna PUA-sının vurulduğunu açıqlayıb. Rostov vilayətinin rəhbərliyi isə bölgə üzərində 100-dən çox pilotsuz aparatın məhv edildiyini və ya zərərsizləşdirildiyini bildirib.
Qeyd edək ki, Ukrayna tərəfinin son hücumla bağlı bütün təfərrüatları əhatə edən rəsmi açıqlaması barədə məlumat yoxdur. Hücumun nəticələri ilə bağlı yayılan bəzi görüntülər və obyektlərin zədələnmə miqyası da müstəqil şəkildə tam təsdiqlənməyib.
"Yandeks"də çökdü...
Bundan əlavə, Ukraynanın "Fokus" nəşrinin məlumatına görə, Rusiyanın Vladimir vilayətində “Yandeks” şirkətinə məxsus məlumat mərkəzi PUA hücumu nəticəsində zədələnib və fəaliyyətini tam dayandırıb. Nəşr "Yandex Cloud Alert" monitorinq xidmətinin məlumatına istinadla bildirir ki, hadisədən sonra şirkətin onlarla bulud xidməti və digər rəqəmsal platformalarında genişmiqyaslı nasazlıq yaranıb. İşində problem qeydə alınan xidmətlər arasında “Yandeks”in səsli köməkçisi “Alisa”, “Yandeks Musiqi”, “Yandeks Telemost”, eləcə də bulud infrastrukturunun 80-dən çox komponenti yer alıb. Nasazlıqlar Rusiyanın bir sıra regionlarında, həmçinin Serbiyada qeydə alınıb.
"Fokus" xatırladır ki, bundan əvvəl Ryazan vilayətinin Sasovo şəhərində və Kaluqa vilayətində yerləşən digər iki “Yandeks” məlumat mərkəzinin də PUA hücumları nəticəsində zədələndiyi bildirilmişdi. Şirkət zədələnmiş obyektlərdə avadanlıqların bərpası üçün dəqiq vaxt açıqlamayıb

Geri qayıt