Əsas Səhifə > Dünya > İsrail Türkiyə ilə savaşın qoxusunu alır

İsrail Türkiyə ilə savaşın qoxusunu alır


Bu gün, 01:13

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Netanyahu Türkiyə ilə hərbi qarşıdurma istəmədiyini, lakin İsrailin təhlükəsizliyi tələb edərsə, bundan çəkinməyəcəyini bildirib.

“Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirəm. Ancaq İsrailin təhlükəsizlik ehtiyacları bunu tələb edərsə, qarşıdurmadan çəkinməyəcəyəm. Mən Türkiyə ilə qarşıdurma istəmirəm. Türkiyə bizimlə qarşıdurma istəyir”, – deyə Netanyahu bildirib.

İsrailin Baş naziri Ərdoğanı Osmanlı imperiyasını bərpa etmək niyyətində olmaqda da ittiham edib.

“Ərdoğan İsrailin məhv edilməli olduğunu, Qüdsün onlara məxsus şəhər olduğunu söyləyir. O, Osmanlı imperiyasına qayıdacağını düşünür. Ancaq burada 3 min ildən artıqdır bağlı olduğumuz bir ölkənin mövcudluğunu unudur”.

Netanyahu daha sonra Osmanlı imperiyasının bölgədəki 400 illik hakimiyyətinə toxunaraq bildirib:

“Biz Osmanlıların buranı ələ keçirərək 400 il idarə etdiyi XVI əsrdə yaşamırıq. Burada bir güc var. Bura yəhudilərin tarixi vətənində qurulmuş yəhudi dövlətidir”.


Geri qayıt