Əsas Səhifə > Güney Press / Partiya > "Körpü və keçidlər avtomobillərin real hərəkət intensivliyinə uyğun layihələndirilməyib"
"Körpü və keçidlər avtomobillərin real hərəkət intensivliyinə uyğun layihələndirilməyib"22-09-2026, 07:13 |
|
"Tıxac probleminin ən birinci səbəbi yol-nəqliyyat tənzimlənməsinə səriştəsiz insanların rəhbərlik etməsi ilə bağlıdır. İkincisi, Bakıda tələbatı nəzərə almadan yolların daraldılması və əlavə velosiped, skuter və digər xüsusi zolaqların yaradılmasıdır. Hətta bəzi yerlərdə xüsusi avtobus zolaqlarının olmasına o qədər də zərurət olmadığı halda, yolun böyük hissəsi avtobuslar üçün ayrılır. Bu isə onsuz da buraxıcılıq imkanları məhdud olan şəhər küçələrində avtomobillərin hərəkəti üçün əlavə problemlər yaradır. Ən vacib məsələ isə Bakı şəhərində yerüstü nəqliyyatın idarə edilməsinin bu sahəni bilən, səriştəli, qabiliyyətli və bacarıqlı insanlara həvalə edilməsidir. Əksinə, bu sahə ən böyük korrupsiya risklərinin olduğu istiqamətlərdən birinə çevrilib. Birinci növbədə, nəqliyyatın idarə edilməsi bu işdən başı çıxan, peşəkar insanlara həvalə edilməlidir". Bu sözləri "Sitat.info"ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, əlavə yol infrakstrukturu yaradılmalıdır: "Qarajların azlığı səbəbindən insanlar avtomobillərini küçələrin kənarında, parklanma yerlərində saxlamağa məcbur olurlar. Halbuki şəhərin müxtəlif yerlərində çoxmərtəbəli və yeraltı qarajların tikilməsinə ehtiyac var. Küçələrin hər iki tərəfində parklanma yerlərinin yaradılması yolları daha da daraldır və nəqliyyatın hərəkətini çətinləşdirir. Təbii ki, əlavə yol infrastrukturu da yaradılmalıdır. Yol qovşaqları, yerüstü körpülər və yeraltı keçidlər tikilməlidir. Bir çox yerlərdə əvvəllər inşa edilən körpü və keçidlər avtomobillərin real hərəkət intensivliyinə uyğun layihələndirilməyib. Ona görə də bəzən körpüdən çox az sayda avtomobil keçdiyi halda, həmin ərazidə yenə də böyük tıxac yaranır. Bəzi dalan küçələrin də açılması, alternativ və ara yolların yaradılması, nəqliyyatın digər küçələrə yönləndirilməsi üçün imkanların artırılması lazımdır". Geri qayıt |