Əsas Səhifə > Güney Press / Partiya > “Heç kim yaranmış vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa çalışmamalıdır”

“Heç kim yaranmış vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa çalışmamalıdır”


10-10-2026, 15:42

Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəs, bu proses necə tənzimlənməlidir ki, vətəndaşların narahatlıqları nəzərə alınsın, düzgün maarifləndirmə aparılsın və mövzudan istifadə edərək ölkədə süni gərginlik yaratmağa çalışan qüvvələrə fürsət verilməsin?

Bu məsələdə aidiyyəti qurumların üzərinə hansı məsuliyyət düşür?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlama verib.

Millət vəkili qeyd edib ki, sözügedən məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir və həmin qərarda həm təhsilalanlarla, həm də təhsilverənlərlə bağlı konkret müddəalar öz əksini tapır.

Buna görə də hər birimiz müəyyən edilmiş qayda və tələbləri nəzərə almalıyıq. Burada söhbət şagirdlər üçün vahid məktəbli formasının tətbiqindən gedir. Müəllimlər isə öz geyimləri ilə bağlı müəyyən edilmiş norma və qaydalara əməl etməlidirlər.

Hesab edirəm ki, bu, dövlətin qəbul etdiyi qərardır və atdığı bir addımdır. Hər birimiz gərginlik yaratmaqdan, qarşıdurmaya səbəb ola biləcək davranışlardan və bu kimi hallardan maksimum dərəcədə uzaq olmalıyıq.

Baş verən proseslərə həssas yanaşmaq və məsuliyyətli davranmaq hər birimizin üzərinə düşən vəzifədir. Heç kim yaranmış vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa, qarşıdurmaya yol açmağa və insanların düşüncələrinə təsir göstərməyə çalışmamalıdır.

Bu dövlət bizim dövlətimizdir. Dövlət təhlükəsizliyin təmin olunması üçün zəruri addımlar atır və bundan sonra da ata bilər. Bizim üzərimizə düşən isə təmkinli və soyuqqanlı davranmaq, qarşıdurmadan və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməkdir.

Əsas məqsədimiz sabitliyin qorunması və heç kimin bu vəziyyətdən şəxsi məqsədləri üçün istifadə etməsinə imkan verilməməsi olmalıdır.
Çünki bu, olduqca həssas dövr və həssas məsələdir. Məhz buna görə hər kəsin diqqətli, təmkinli və məsuliyyətli davranmasına ciddi ehtiyac var".


Geri qayıt