Əsas Səhifə > Güney Press > Fransada prezidentliyə namizəd hücuma məruz qalıb

Fransada prezidentliyə namizəd hücuma məruz qalıb


Bu gün, 06:04

Fransada sol qüvvələrin 2027-ci il prezident seçkiləri üçün keçirdiyi ilkin səsvermənin qalibi, Avropa Parlamentinin deputatı Rafael Qlüksmann hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisə oktyabrın 11-də axşam saatlarında baş verib.

Məlumata görə, “İctimai tribuna” partiyasının lideri Qlüksmann ilkin seçkilərdə qazandığı qələbəni tərəfdarları ilə birlikdə “La Cantine de Belleville” barında qeyd edib.

Siyasətçi bardan çıxaraq onu gözləyən taksiyə yaxınlaşarkən naməlum gənc üzərinə un səpib və hadisə yerindən qaçıb.

Qeyd edək ki, oktyabrın 11-də keçirilən ilkin seçkilərin birinci turunda Rafael Qlüksmann səslərin 66,13 faizini toplayaraq qalib gəlib. Onun əsas rəqibi, Sosialist Partiyasının birinci katibi Olivye For isə 14,48 faiz səs qazanıb.

Beləliklə, Qlüksmann 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərində sosialistlərin və onların müttəfiqlərinin namizədi olub.

46 yaşlı siyasətçi 2019-cu ildən Avropa Parlamentinin deputatıdır. O, Ukraynaya dəstəyin davam etdirilməsini müdafiə edir və Jan-Lük Melanşonun rəhbərlik etdiyi “Tabe olmayan Fransa” partiyası ilə siyasi ittifaqın əleyhinə çıxış edir.

Rafael Qlüksmann fransız filosof Andre Qlüksmannın oğlu, 1930-cu illərdə Avropanın bir sıra ölkələrində SSRİ-nin maraqları naminə fəaliyyət göstərmiş sovet kəşfiyyatçısı Rubin Qlüksmannın nəvəsidir.


Geri qayıt