Əsas Səhifə > Güney Press > Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər?

Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər?


Bu gün, 19:11

Son vaxtlar daha çox müzakirə olunan mövzulardan biri pensiya sistemi ilə bağlıdır.

Bu istiqamətdə əsas problemlərdən biri pensiya yaşı ilə bağlıdır. Hazırda pensiya yaşının 65 olmasını isə orta ömür uzunluğu ilə əlaqələndirilir. Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. O qeyd edib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

"Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə ölkədə vəfat edən 59 834 nəfərdən 22 361 nəfəri (təxminən 37,4%-i) 65 yaşından aşağı - yəni pensiya yaşına çatmayan şəxslər olub. Kişilər üzrə vəziyyətə gəldikdə, 2025-ci ildə vəfat edən 32 694 kişidən 14 782 nəfəri (45,2%-i) 65 yaşına çatmadan dünyasını dəyişib. Qadınlar üzrə isə 2025-ci ildə vəfat edən 27 140 qadından 7 579 nəfəri (27,9%-i) pensiya yaşından əvvəl ölüb.

Doğrudanmı ölkədə orta ömür uzunluğu 77-dir? Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda orta ömür uzunluğunun 77 ili keçməsi barədə açıqlama ilə 2025-ci ildə vəfat edənlərin yaş bölgüsü arasında ilk baxışda ziddiyyət görünür:

“Lakin bu iki göstərici fərqli statistik anlayışları ifadə edir. Orta ömür uzunluğu həmin il vəfat edən insanların orta yaşını deyil, müəyyən dövrdə müşahidə olunan ölüm səviyyələri dəyişməz qalarsa, yeni doğulmuş uşağın orta hesabla neçə il yaşaya biləcəyini göstərir.

Bu göstərici bütün yaş qrupları üzrə ölüm ehtimalları əsasında hesablanır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda vəfat edən 59 834 nəfərin 22 361-i 65 yaşına çatmamış şəxslər olub. Bu, ümumi ölüm hallarının təxminən 37,4 faizini təşkil edir. Beləliklə, vəfat edənlərin üçdə birindən çoxunun 65 yaşdan aşağı olması diqqətçəkən göstəricidir. Ancaq bu rəqəm özlüyündə ölkədə orta ömür uzunluğunun 77 il olmadığını sübut etmir. Çünki orta ömür uzunluğunun hesablanması üçün yalnız ölənlərin sayını və yaş bölgüsünü bilmək kifayət deyil. Hər yaş qrupunda əhalinin sayı və ölüm ehtimalı da nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, bununla belə, Səhiyyə Nazirliyinin rəsmisinin açıqladığı 77 yaşdan yuxarı göstəricinin hansı statistik mənbəyə və hesablama metoduna əsaslandığı aydınlaşdırılmalıdır:

“Dünya Bankının məlumat bazasında Azərbaycanın 2024-cü il üzrə doğulanda gözlənilən orta ömür uzunluğu təxminən 74,6 il göstərilir. Bu fərq 2025-ci il üçün səsləndirilən rəqəmin ayrıca yoxlanılmasını zəruri edir. Bununla belə, müxtəlif illərə aid məlumatları müqayisə edərkən statistik metodologiya və məlumatların yenilənmə vaxtı da nəzərə alınmalıdır”.

Digər mühüm məqam odur ki, 65 yaş həddi 2025-ci ildə bütün vətəndaşlar üçün eyni pensiya yaşı olmayıb:

“Qadınların pensiya yaşı mərhələli şəkildə artırıldığından, 65 yaşdan aşağı vəfat edənlərin hamısını pensiya yaşına çatmayan şəxslər kimi təqdim etmək tam dəqiq deyil. Nəticə etibarilə, 2025-ci ildə ölənlərin 37,4 faizinin 65 yaşdan aşağı olması ilə orta ömür uzunluğunun 77 il göstərilməsi arasında birbaşa riyazi ziddiyyət yoxdur. Lakin beynəlxalq məlumatlarda Azərbaycanın 2024-cü il üzrə orta ömür uzunluğunun 74,6 il ətrafında göstərilməsi fonunda Səhiyyə Nazirliyinin açıqladığı rəqəmin mənbəyi və hesablanma qaydası barədə əlavə izah verilməsi vacibdir. Azərbaycanın orta ömür uzunluğunun həqiqətən 77 ili keçib-keçmədiyini dəqiq müəyyənləşdirmək üçün 2025-ci ilin yekun rəsmi həyat cədvəllərinə və müvafiq statistik göstəricilərə istinad edilməlidir”.


Geri qayıt