Əsas Səhifə > Güney Press > Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi
Gəncədə qohumlar arasında mübahisə davaya çevrildiBu gün, 09:49 |
|
Gəncə Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zamiq Nəzərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İttihama əsasən, hadisə 2025-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri ərazisində baş verib. Belə ki, Zamiq Nəzərov qardaşı Cabir Nəzərovla (adı, soyadı şərtidir) birlikdə sərxoş vəziyyətdə ictimai yerdə ətrafdakı şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər edib. Bildirilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş Bayram Vəliyevlə (adı, soyadı şərtidir) mübahisə edərək ona yumruq zərbələri vurub. Nəticədə zərərçəkmiş şəxsin sol gözünün üst və alt göz qapaqlarında, eləcə də gözaltı nahiyənin yumşaq toxumalarında qançır və şişkinliklə müşayiət olunan əzilmələr, gözün ağlı qişasına qansızma və sağ almacıq nahiyəsində sıyrıqlar yaranıb. Məhkəmə iclasında Zamiq Nəzərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş Bayram Vəliyevin baldızı oğlu olduğunu deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, qohumunun toy mərasimi keçirilib və o da həmin məclisdə iştirak edib. Toy başa çatdıqdan sonra baldızı yaşadığı evin açarını onun həyat yoldaşına verərək bəy və gəlindən əvvəl gedib qapını açmalarını xahiş edib. Bundan sonra onlar həmin evə yollanıblar. Zamiq Nəzərov bildirib ki, avtomobilini evin qarşısında saxlayıb, zərərçəkmiş şəxs isə idarə etdiyi avtomobili onun maşınının arxasında park edib. Avtomobillərdən düşdükdən sonra Bayramın onunla kobud danışaraq avtomobili qapının qarşısından çəkməsini tələb etdiyini deyib. Avtomobili çəkməyəcəyini bildirdikdən sonra zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir dəfə yumruq vurduğunu etiraf edib. Zamiq Nəzərov həmin vaxt orada olan qayınanası və qayınatasının onları araladığını, Bayramın da ona qarşılıq olaraq zərbə endirdiyini qeyd edib. O, avtomobildə uşağının ağladığını gördükdən sonra daha da əsəbiləşdiyini və tərəflərin yenidən dalaşmağa başladığını söyləyib. Zamiq Nəzərovun ifadəsinə əsasən, qohumları onları təkrar ayırdıqdan sonra avtomobilinə əyləşərək evinə gedib, həyat yoldaşını və uşağını düşürüb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, təxminən saat 24 radələrində yenidən zərərçəkmiş şəxsin yaşadığı ünvana mübahisəni davam etdirmək məqsədilə gedib. Bu dəfə də Bayram üzərinə hücum çəkib, qayınatası və qaynanası isə onları aralayıb. Bundan sonra o, avtomobilinə əyləşərək evinə qayıdıb. Zamiq Nəzərov əsəbinin soyumadığını və bir daha həmin ünvana getdiyini bildirib. Bu dəfə oraya tək gəldiyini, sonradan qardaşı Cabirin də hadisə yerinə gəldiyini deyib. Qardaşına telefonla Bayramla mübahisə etdiyini bildirib. Qardaşı da münaqişə barədə məlumatlı olduğundan həmin ünvana gəlib. Lakin təqsirləndirilən şəxs bu dəfə Bayramı görmədiyini, qarşısına qayınatası və qayınanasının çıxdığını və bundan sonra evinə qayıtdığını vurğulayıb. Məhkəmədə təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirib. O, himayəsində azyaşlı uşaqlarının olmasını və səmimi peşmanlığını nəzərə alaraq barəsində daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edib. Geri qayıt |