Əsas Səhifə > Güney Press > "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır?

"Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır?


Bu gün, 11:49

Azərbaycan Sənaye Bankının (ASB) 6 əsas rəhbər işçisinə 2025-ci ildə ümumilikdə 1 milyon 126 min 58 manat kompensasiya hesablanıb.

Plat.az xəbər verir ki, bu barədə bankın 2025-ci il üzrə audit hesabatında bildirilib.

Hesabata əsasən, 2024-cü ildə rəhbər işçilərin ümumi kompensasiyası 962 min 861 manat təşkil edib. Beləliklə, ötən il bu istiqamətdə xərclər 163 min 197 manat və ya 16,9% artıb.

Sadə hesablama ilə 2025-ci ildə bir rəhbər işçiyə düşən orta illik kompensasiya 187 min 676 manat, orta aylıq kompensasiya isə 15 min 640 manat təşkil edib.

Lakin rəhbər şəxslərin vəzifələri və məsuliyyətləri fərqli olduğundan onların faktiki gəlirlərinin bərabər olması gözlənilmir.

2025-ci ildə bankın İdarə Heyətinə Kənan Orucov rəhbərlik edib. Həmin il bankın rəhbərliyində Sarvan Mikayılov, Uğur Mahmudov, İlker Hepçorman, Vyaçeslav Ayvazov və Anar Məmmədov da təmsil olunublar.

Vyaçeslav Ayvazov avqust ayında bankdan ayrılıb, Anar Məmmədov isə sentyabrda İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Sənaye Bankının bütün işçiləri üzrə kompensasiya xərcləri 7 milyon 264 min 704 manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1,6% artım deməkdir.

Beləliklə, bankın əsas rəhbər işçiləri üzrə kompensasiya xərclərinin artım tempi ümumi işçi heyəti üzrə artım tempindən yüksək olub.


Geri qayıt