Əsas Səhifə > Güney Press > Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır
Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışırBu gün, 13:46 |
|
Belarusda KTMT-nin “Sarsılmaz qardaşlıq-2026” və “Maneə-2026” hərbi təlimləri başlayıb. Təlimlərdə beş ölkədən 1500-dən çox hərbçi, 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də 80-ə yaxın dron iştirak edir. Təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri qatılıb, Ermənistan isə iştirak etmir. Globalinfo.az-a danışan politoloq Oktay Qasımov deyib ki, Ermənistanın KTMT tədbirlərinə qatılmaması artıq təəccüblü görünmür: “Belə ki, Ermənistan KTMT-nin 2022-ci ildə İrəvanda keçirilən zirvə toplantısına ev sahibi kimi qatılıb. Ondan sonrakı dövrdə isə İrəvan təşkilata məsafəli davranmağa başlayıb. Bu gün bunu bir çox səbəblə əsaslandırırlar. Ermənistan KTMT-ni qarşısında öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Lakin özü də bu məsələdə günahkardır. Belə ki, Qərbə və Avropa İttifaqına inteqrasiya prosesi KTMT ilə İrəvan arasında münasibətləri soyudub. Bununla yanaşı, Ermənistan Rusiyadan əlavə, bir çox başqa ölkədən – Fransa, Hindistan və Yunanıstandan da hərbi texnika tədarük edir. Nəticədə Rusiyanın Ermənistanın müdafiə təminatında iştirakı 10 faizə qədər azalıb. Bu, Paşinyanın Qərbyönümlü siyasəti ilə Rusiyadan asılılığı azaltmağa hesablanıb. Görünən odur ki, Paşinyan bu asılılıqları aradan qaldırmaqla, şaxələndirilmiş siyasət vasitəsilə Ermənistanın müstəqilliyini təmin etmək məqsədilə bu addımları atır. Ona görə də bu, gözlənilən addımdır. 2023-cü ildən başlayaraq Ermənistan KTMT-nin təlimlərindən və toplantılarından yayınır. Son illərdə bu məsələ ilə bağlı izahat verməyə belə ehtiyac görmürlər. Görünür, Ermənistan təhlükəsizliyini özü müəyyən edir”. Geri qayıt |