Əsas Səhifə > Güney Press > "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..."

"Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..."


Bu gün, 16:03

“Heç kəs iddia edə bilməz ki, Azərbaycanda kiminsə dini və ya etiqad azadlığı məhdudlaşdırılır. Çünki Azərbaycan vətəndaşlarına din və etiqad azadlığını tanıyan Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu hüquqların qorunmasının təminatçısı da Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Bunu Musavat.com-a deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanda məscidlər tikilir, təmir olunur, ibadət üçün şərait yaradılır: “İşğaldan azad edilmiş torpaqlarımızda yenidən məscidlər inşa edilir, ermənilər tərəfindən dağıdılmış məscidlərimiz bərpa olunur. Biz qonaqlarımızı, diplomatik korpusun nümayəndələrini məscidlərimizi, eləcə də digər dinlərə aid maddi-mədəniyyət abidələrini ziyarət etməyə aparırıq. Belə olan halda, necə iddia etmək olar ki, Azərbaycanda hansısa dini fəaliyyətə qadağa qoyulur? Deməli, məsələ din məsələsi deyil, məsələ başqadır. Biz gündəlik həyatımızda Azərbaycan xalqının ibadət yerlərinə necə daxil olduğunu, oradan necə çıxdığını, dini simvol olan müxtəlif geyim formalarından necə istifadə etdiyini görürük. Ancaq məsələnin mahiyyətini və məzmununu dəyişdirmək, onu manipulyasiya etmək cəhdlərini də müşahidə edirik. Milli dəyərlər məsələsinə gəlincə, bilirsinizmi, İslam özü ümumbəşəri dəyərdir. Digər səmavi dinlər də ümumbəşəri dəyərlər daşıyır. Ancaq müxtəlif xalqlar bu inancları fərqli şəkildə mənimsəyir və onları öz həyat tərzlərinə uyğunlaşdırırlar. Bu, milli mentalitetlə bağlıdır”.

Deputat deyib ki, azərbaycanlılar İslamın fəlsəfəsini və təbliğ etdiyi həyat tərzini öz milli adət-ənənələri və inanc sistemi ilə əlaqələndirərək yaşayır: “ Pakistanlı da öz İslam modelini formalaşdırır, onu milli adət-ənənələri və inanc sistemi ilə uzlaşdırır. Malayziyalı müsəlman da İslamı öz milli adət-ənənələrinə uyğun şəkildə yaşayır. İranda fərqli İslam modeli, ərəb ölkələrində isə ərəb mədəniyyətinə uyğunlaşdırılmış İslam həyat tərzi mövcuddur. Bu, müxtəlif xalqların xüsusiyyətlərindən irəli gəlir. Azərbaycan da özünəməxsus model formalaşdırıb. Mənə elə gəlir ki, bu model Azərbaycanın qədim dövlətçilik ənənələrindən və inanc sistemindən qaynaqlanan dünyəvi dövlət quruluşu ilə dini dəyərlərin və dini mədəniyyətin qorunmasını birləşdirir. Hesab edirəm ki, bu model həm xalqımızın inkişafı, həm də dini inanclarını sərbəst yaşaması baxımından kifayət qədər uğurludur. Ancaq görürük ki, bu model kimlərisə qane etmir. Çünki Azərbaycan modelində hər kəs dini müstəqil şəkildə, ilkin mənbələrdən, müqəddəs kitabdan öyrənə və İslamla birbaşa təmasda ola bilər. Belə olduqda İslam daha düzgün dərk edilir. Amma bəzi imperialist dövlətlər İslamla digər xalqlar arasında vasitəçi rolunu oynamağa çalışırlar. İran da bu siyasəti həyata keçirir. İran iddia edir ki, müsəlman olmaq istəyən hər kəs onun öz maraqlarına uyğunlaşdırdığı, fars şovinizminə xidmət edən məzhəbçiliyi İslam kimi qəbul etməlidir. Beləliklə, insanları fars şovinizminin təsiri altına salmağa çalışır”.

H. Babaoğlunun sözlərinə görə, bu siyasət nəticəsində İran 30 milyondan çox azərbaycanlının dini inanclarından sui-istifadə edərək onların milli kimliklərinə zərbə vurub: “Onları milli dillərindən, milli kimliklərindən və milli düşüncələrindən uzaqlaşdırmağa çalışıb, İran cəmiyyətində ikinci dərəcəli vətəndaş kimi görüb. İran hesab edir ki, Azərbaycanı da bu şəkildə idarə edə bilər və sabah öz şovinist məqsədləri naminə qurban verə bilər. Necə ki, İran-İraq müharibəsi zamanı öz şovinist maraqları naminə bir milyona yaxın azərbaycanlını qurban verdiyini deyə bilərik. İndi də azərbaycanlıların öz səslərini ucaltmasına imkan verməmək siyasəti fars şovinizminin ayaqda qalmasına xidmət edir. Ona görə də biz bu reallığın fərqində olmalıyıq. Dövlətimiz də baş verənlərin mahiyyətini dərk etməyən vətəndaşlarımızın maarifləndirilməsi üçün hüquqi və ideoloji müstəvidə iş aparmalı, İslamın həqiqi mahiyyətini izah etməlidir. Bu, dövlətimizin borcu və vəzifəsidir. Hesab edirəm ki, dövlətimiz bu istiqamətdə layiqli iş aparır”.

Onun fikrincə, AK Partiya sədrinin müşaviri Oqtay Saralın açıqlamaları da, ümumi prosesə zərər vurur: “Məsələ belədir: ata-anası bir olan iki qardaş belə bir-birinin ailə işlərinə qarışarsa, qardaşlıq münasibətləri pozula bilər. Türkiyədə də bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək qardaşlığımıza zərər vura bilər. Bunun baş verməsini istəyən, bu istiqamətdə cəhd göstərən qüvvələr var. Türkiyədə müxtəlif dini cərəyanlar və cəmiyyətlər mövcuddur. Qumda təhsil almış çoxsaylı imamlar və mollalar, eləcə də dini fəaliyyət adı altında ABŞ-dən Türkiyəyə gəlib burada təşkilatlanmış ekstremist qruplar var.Onlar Türkiyə dövlətinə qarşı da fəaliyyət göstərirlər. Yaxın keçmişdə bir sıra dini cərəyanlar və təşkilatlarla bağlı müzakirələr olub. Məsələn, Süleymançılar camaatı, bundan əvvəl isə 2016-cı ildə FETÖ və Fətullah Gülən camaatının Türkiyədə dövlət çevrilişinə cəhdi yaddaşlardan silinməməlidir. Türkiyə bu təcrübəni unutmamalı, çətin günlərində kimin onun yanında olduğunu xatırlamalıdır”.

İrana gəldikdə isə deputat hesab edir ki, Tehran bu siyasətdən əl çəkməyəcək və öz təcrübələrini davam etdirəcək: “İranın daxili işlər naziri Azərbaycana səfər edir, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Azərbaycanın daxili işlər naziri ilə görüşlər keçirir. Eyni zamanda, İran tərəfinin ölkəmizə 129 kiloqram narkotik vasitə gətirdiyi və həmin maddələrin bizim hüquq-mühafizə orqanlarımız tərəfindən aşkarlandığı barədə məlumatlar ortaya çıxır. Baxın, bu, necə ziddiyyətli vəziyyətdir! Hesab edirəm ki, bu vəziyyət İranda yaşayan azərbaycanlılar öz hüquqlarını tələb edib azadlıqlarına qovuşana qədər davam edə bilər. Azərbaycan İrana təzyiq göstərməli, orada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməlidir. Çünki İranda əhalinin yarıdan çoxunun azərbaycanlılardan ibarət olduğu barədə fikirlər mövcuddur. Məsələnin mahiyyəti budur”.

H. Babaoğlu onu da bildirib ki, şiddət törədənlərə, məktəblərin dəhlizlərinə sığınaraq qanun pozuntularına yol verənlərə gəlincə, Azərbaycan hüquqi dövlətdir: “Dövlətə, cəmiyyətə və milli maraqlarımıza zərər vuran, hər hansı ölkənin alətinə çevrilərək Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərən şəxslər qanun qarşısında məsuliyyət daşıyacaqlar. İkincisi, məsuliyyət məsələsi sosial şəbəkələrdə fəaliyyət göstərən şəxslərə də şamil edilməlidir”.


Geri qayıt