Əsas Səhifə > Güney Press > Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ
Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİBu gün, 16:37 |
|
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Motors” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İmprotex Motors” MMC tərəfindən 55,2 min İngilis funt sterlinqi məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməlyatların aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdən 8,9 min İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 8,9 min İngilis funt sterlinqi valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 1770 İngilis funt sterlinqi (təxminən 4 min manat) məbləğində cərimə edilib. Geri qayıt |