Əsas Səhifə > Güney Press > Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki

Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki


Bu gün, 17:54

"Biz heç sovet dövründə Allahdan, peyğəmbərlərimizdən üz döndərməmişik. İnsanlarımız məscidlərə gedir, oruc tutur, namaz qılırdılar. Bu gün də Qurana, İslamın mənəvi dəyərlərinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Azərbaycan xalqı heç vaxt İslama qarşı olmayıb və bu gün də belə bir mövqedə deyilik".

Bu sözləri Musavat.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi vurğulayıb ki, onun mövqeyi həm uşaqların hüquqlarının qorunmasını, həm də başıörtülü qadınlara hörmətlə yanaşılmasını nəzərdə tutur:

"Sadəcə, xanımlar 18 yaşına çatdıqdan sonra öz istəkləri ilə başlarını örtə bilərlər. Üstəlik, baş örtüyü mütləq hicab demək deyil. Bizim kəlağayımız, yaylığımız var. Qadın öz istəyinə uyğun olaraq başını örtə bilər. Sovet dövründə də müəllimələrimiz başlarına yaylıq bağlayaraq məktəbə gedirdilər. O zaman da baş örtüyü milli adət-ənənələrimizin bir hissəsi idi.
Biz həmişə 18 yaşına çatmamış uşaqlara hicab geyindirilməsinin əleyhinə olmuşuq. Eyni zamanda, başıörtülü xanımların hüquqlarının məhdudlaşdırılmasını da istəmirik. Hər kəsin hüququna hörmətlə yanaşılmalıdır. Bununla belə, Azərbaycanda qanun qanundur və hamı ona əməl etməlidir. Məktəblərdə şagirdlərin geyimi, müəllimlərin təhsil müəssisələrinə hansı formada gəlməsi ilə bağlı müəyyən edilmiş qaydalar varsa, hər kəs həmin qaydalara riayət etməlidir. Bu məsələlərdə ailələrin üzərinə də böyük məsuliyyət düşür. Valideynlər övladlarına həm milli-mənəvi dəyərlərimizi, həm də qanunlara hörmət etməyi aşılamalıdırlar".

Onun sözlərinə görə, ölkəmizin güclənməsini və qazandığı uğurları həzm edə bilməyən qüvvələr var: "İran və Rusiya kimi dövlətlərin müxtəlif təsir vasitələrindən istifadə etməsi ehtimalını da nəzərə almalıyıq. Məsələn, Zaqatala, Balakən və Qusar istiqamətində dini radikalizmin yayılması məsələsinə diqqətlə yanaşmaq lazımdır. Bu bölgələrdə dini radikalların fəaliyyəti ilə bağlı narahatlıqlar mövcuddur. Hesab edirəm ki, baş örtüyü məsələsinin də müəyyən dini cərəyanların təsiri altında siyasi müstəviyə çıxarılması ehtimalı diqqətdən kənarda qalmamalıdır".

Hüquq müdafiəçisi əlavə edib ki, başıörtülü qızlarımıza və xanımlarımıza hörmətlə yanaşırıq:

"Onların hüquqlarını məhdudlaşdırmaq niyyətimiz yoxdur. Əsas məsələ uşaqlarımızın kimlərinsə əlində alətə çevrilməsinin qarşısını almaqdır. Ailələr övladlarına qanunlara riayət etməyin, ölkəmizin təhlükəsizliyini və milli maraqlarını qorumağın vacibliyini izah etməlidirlər. Televiziya vasitəsilə də valideynlərə çağırışlar edilməli, ailələr uşaqlarının müxtəlif təxribatlara cəlb olunmasına imkan verməməlidirlər. Heç bir uşaq başqalarının siyasi və ya ideoloji məqsədlərinin alətinə çevrilməməlidir".

Novella Cəfəroğlu baş verən proseslərdə xarici təsirlərin mümkünlüyünə də diqqət çəkib. O, bu məsələlərin qızışdırılmasında İranın təsirinin ola biləcəyini düşündüyünü bildirib və yayılan videoların, səsləndirilən fikirlərin diqqətlə araşdırılmasının vacibliyini qeyd edib: "Hesab edirəm ki, bu məsələlərin qızışdırılmasında İranın təsiri ola bilər və baş verənlərin hansı məqsədlərə xidmət etdiyini araşdırmaq lazımdır. Yəqin ki, ötən gün yayılan videoları da görmüsünüz. Eyni zamanda, bu istiqamətdə Türkiyədən də Azərbaycana qarşı təhdid xarakterli fikirlər səsləndirilir. Belə bir vəziyyətdə həm İrandan, həm də Türkiyədən gələn mesajlara diqqətlə yanaşmalı, onların ölkəmizin maraqlarına mümkün təsirlərini nəzərə almalıyıq.

Türkiyə də anlamalıdır ki, Azərbaycanı nüfuzdan salmağa yönələn yanaşmalar təkcə ölkəmizə deyil, Türkiyənin öz nüfuzuna da təsir göstərə bilər. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında dostluq münasibətləri mövcuddur. İlham Əliyevə qarşı səsləndirilən fikirlər müəyyən mənada Ərdoğanın mövqeyinə də təsirsiz ötüşmür. Hər iki lider müsəlman dünyasında və beynəlxalq aləmdə tanınan dövlət başçılarıdır. Onların birliyi və qarşılıqlı dəstəyi həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət daşıyır".


Geri qayıt