Əsas Səhifə > Güney Press > “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir”
“Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir”Bu gün, 18:21 |
|
Azərbaycanda ərzaq qiymətlərinin artması əhalinin gündəlik xərclərinə və ailə büdcəsinə təsir göstərməkdə davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında ərzaq, alkoqollu içkilər və tütün məhsulları 6,9 faiz bahalaşıb. Sentyabr ayında isə ərzaq qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz artıb. Qiymət artımı fonunda əsas sual budur: əhalinin əməkhaqqı və pensiya gəlirləri bahalaşmanı qarşılamağa çatırmı? Rəsmi inflyasiya göstəriciləri vətəndaşların gündəlik bazarlıq xərclərini nə dərəcədə əks etdirir və ərzaq xərclərinin ailə büdcəsindəki payı daha da artırmı? İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycanda ərzaq qiymətlərinin artması əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti baxımından ciddi məsələdir: “Çünki ərzaq gündəlik tələbatın əsas hissəsini təşkil edir və qiymətlər yüksəldikcə ailələr digər xərclərini azaltmağa məcbur qala bilirlər. Xüsusilə, aşağı və orta gəlirli ailələr üçün ərzaq inflyasiyası daha həssas məsələdir. Belə ailələrin büdcəsində qidaya ayrılan vəsaitin payı yüksək olduğundan, ərzaq məhsullarının bahalaşması onların maliyyə vəziyyətinə daha güclü təsir göstərir. Əməkhaqqı və pensiyaların artması bu təsiri müəyyən qədər yumşalda bilər. Lakin əsas məsələ nominal gəlirlərin deyil, real gəlirlərin, yəni həmin vəsaitlə nə qədər məhsul və xidmət almağın mümkün olmasının dəyişməsidir. Əgər əməkhaqqı və pensiya inflyasiyadan daha yavaş artırsa, vətəndaşın gəliri kağız üzərində yüksəlsə də, onun alıcılıq qabiliyyəti zəifləyir. Buna görə gəlirlərin artımını yalnız manat ifadəsində deyil, ərzaq və digər zəruri xərclərin dinamikası ilə müqayisədə qiymətləndirmək lazımdır. Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar–sentyabr aylarında əhalinin nominal gəlirləri 9,4 faiz, orta aylıq nominal əməkhaqqı isə yanvar–iyul aylarında 7,2 faiz artıb. Eyni dövrdə ərzaq, alkoqollu içkilər və tütün məhsulları 6,9 faiz bahalaşıb. Bu göstəricilər nominal gəlirlərin ümumilikdə qiymətlərdən daha sürətlə artdığını göstərsə də, hər bir ailənin real vəziyyətini tam əks etdirmir”. İqtisadçının sözlərinə görə, burada mühüm məqam ondan ibarətdir ki, orta əməkhaqqı bütün işçilərin aldığı maaş deyil: “Yüksək gəlirli şəxslərin əməkhaqqı artımı orta göstəricini yüksəldə bilər, amma aşağı maaş alanların gəlirləri eyni səviyyədə artmaya bilər. Pensiyaçılar üçün də vəziyyət fərqlidir: 2026-cı il üzrə orta aylıq pensiya 541,6 manat olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb. Bununla belə, pensiyanın kifayət edib-etməməsi ailənin dərman, kommunal xidmətlər, ərzaq və digər zəruri xərclərindən asılıdır. Rəsmi inflyasiya göstəriciləri istehlak səbətinə daxil olan müxtəlif məhsul və xidmətlərin orta qiymət dəyişməsini əks etdirir. Lakin hər ailənin istehlak səbəti eyni deyil. Aşağı gəlirli ailələr büdcələrinin daha böyük hissəsini ərzağa xərclədikləri üçün ərzaq qiymətlərinin artımını ümumi inflyasiya göstəricisindən daha kəskin hiss edə bilərlər. Üstəlik, gündəlik alınan çörək, ət, yumurta, süd və tərəvəz kimi məhsulların qiymətindəki artım ailənin xərclərinə dərhal təsir göstərir. Ərzaq xərclərinin ailə büdcəsindəki payının artıb-artmadığını dəqiq müəyyən etmək üçün ev təsərrüfatlarının gəlir və xərcləri üzrə ayrıca statistik məlumatlara ehtiyac var. Ancaq gəlirlər qiymətlərdən daha yavaş artan ailələr üçün bu payın yüksəlməsi, digər xərclərə ayrılan vəsaitin isə azalması mümkündür. Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir, alış həcmini azaldır və təhsil, istirahət, geyim kimi xərcləri təxirə salırlar”. Akif Nəsirliyə görə, sosial siyasətdə əsas diqqət yalnız əməkhaqqı və pensiyaların nominal artırılmasına deyil, əhalinin real alıcılıq qabiliyyətinin qorunmasına yönəlməlidir: “Bunun üçün aşağı gəlirli ailələrə ünvanlı dəstəyin gücləndirilməsi, ərzaq bazarında rəqabətin artırılması, yerli istehsalın genişləndirilməsi və istehsalçıdan istehlakçıya qədər olan təchizat zəncirində əlavə xərclərin azaldılması vacibdir. Əksa halda, gəlirlər artsa belə, ərzaq qiymətlərinin yüksəlməsi əhalinin rifahında həmin artımın təsirini zəiflədə bilər”. Geri qayıt |