|

“Baş verənlər Azərbaycanın daxili gündəmini və regional gündəliyi uzun müddətdir ki, formalaşdırmaq istəyən siyasi islam şəbəkəsinin gerçək simasını bir daha ortaya qoyur. Bu proses yeni deyil və təssüf ki, bizim ölkəmizdə də hələ də bəsirət gözü qapanmışlar, əl öpənlər, quyruq bulayanlar, öz dövlətinin, bayrağının kölgəsinə deyil, bəzən dost və qardaş dediklərimizin, bəzən isə müstəqilliyimizin ilk günlərindən bir dövlət olaraq, varlığımıza qənim kəsilənlərin ətəyinə bürünənlər də var”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib: “İndi çox önəmli, tarixi sınaq anıdır. Millətimizin, dövlətimizin bu xain hücumlara qüruru, qərarlı davranışı ilə cavab verəcəyinə əminəm. Bundan öncə də dəfələrlə yazmışam və demişəm. Kimlərsə bizi öz daxili gündəmlərinin girovuna çevirmək, təzyiq altında saxlayaraq özlərinin, ətraflarının bitib-tükənməyən iştahlarını təmin etmək istəyir, əzik, başıaşağı olmağımıza çalışır, əldə etdiyimiz hər şeyə, o cümlədən uğurlarımıza şərik olmaq istəyirlər. Bütün bunlar, o cümlədən Türkiyə hakimiyyətində təmsil olunan şəxslərin xeyir-duası ilə gerçəkləşən təxribat kampaniyaları daha çox Türkiyənin özünə və təəssüf ki, Türk Dünyasına ziyan vuracaq. Dinçi zehniyyətin milli hədəfləri olmur və düşünürəm ki, bu iyrənc kampaniyaya son qoyulacaq, üzərimizə hürüşən xaltasını tutanlar çox ciddi səhvə yol verdiklərini anlayacaqlar”.
E.Mirzəbəyli həmçinin, vurğulayıb ki, Türkiyə ərazisində baş verən nə varsa rəsmi Ankaranın məsuliyyət dairəsindədir: “Həvəsdi, bəsdi… Səbrimizin də, sayğımızın da bir həddi var. Hazırda görünən odur ki, Türkiyədəki bəzi dairələr SEPAH-la sinxron hərəkət edirlər. Hansı tərəfə yalmanmağından asılı olmayaraq, bu cəhalət şəbəkələrini darmadağın edəcəyik. Son olaraq, bir məqamı qeyd edim: Dini dəyərləri siyasi təzyiq alətinə çevirib başqa dövlətə ağıl öyrətmək nə dinə xidmət edir, nə də əxlaqa! Azərbaycanın Konstitusiyası sosial şəbəkə tribunalarından verilən göstərişlərlə dəyişmir. İnanca hörmət tələb edənlər əvvəlcə dövlətlərin suverenliyinə hörmət etməyi öyrənsinlər. Din heç kimə həddini aşmaq imtiyazı vermir. Nə dini pərdə arxasında siyasi təzyiqə, nə də Azərbaycanın daxili işlərinə müdaxiləyə yol verəcəyik! Hər kəs ağlını başına toplayacaq, həddini biləcək”.
Geri qayıt
|