Əsas Səhifə > Güney Press > Marketlərdə BÖYÜK TƏHLÜKƏ:

Marketlərdə BÖYÜK TƏHLÜKƏ:


Bu gün, 06:24

Marketlərdə kilo ilə satılan kolbasa, pendir və digər qablaşdırılmamış qida məhsullarının istehsal və son istifadə tarixinin müəyyən edilməsi istehlakçılar üçün bəzən çətinlik yaradır. Belə məhsulların üzərində tarix və tərkib məlumatlarının göstərilməsi məcburidirmi və alıcılar qida təhlükəsizliyini təmin etmək üçün hansı addımları atmalıdırlar?

Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, marketlərdə kilo ilə satılan kolbasa, pendir və digər qablaşdırılmamış qida məhsullarının istehsal və son istifadə tarixini istehlakçının birbaşa məhsulun üzərindən müəyyən etməsi həmişə mümkün olmur. Belə hallarda alıcı satıcıdan məhsulun etiketini, istehsalçı və yararlılıq müddəti barədə məlumatları tələb edə bilər. Bu məlumatlar məhsulun ilkin qablaşdırmasında, müşayiətedici sənədlərində və ya satış yerində istehlakçının görə biləcəyi formada təqdim edilməlidir.

Qablaşdırılmamış satılan məhsulların üzərində bütün məlumatların ayrıca göstərilməsi məhsulun növündən və satış formasından asılı ola bilər. Lakin məhsulun təhlükəsizliyini və izlənəbilənliyini təmin edən məlumatlar, o cümlədən istehsalçı, yararlılıq müddəti və saxlanma şəraiti barədə məlumatlar mövcud olmalıdır. Məhsulun kəsilərək və ya çəkilərək satılması onun təhlükəsizlik tələblərindən azad olması demək deyil. Tərkib və allergenlər barədə məlumatlar da xüsusilə vacibdir, çünki bəzi istehlakçılarda müəyyən maddələrə qarşı allergik reaksiyalar yarana bilər.

İstehlakçı məhsulun istehsal və son istifadə tarixini dəqiq müəyyən edə bilmirsə, satıcıdan ilkin qablaşdırmanı və müvafiq sənədləri göstərməsini istəməlidir. Məhsulun qoxusunda, rəngində və ya teksturasında dəyişiklik olması da şübhə yarada bilər. Bununla belə, məhsulun normal görünməsi onun təhlükəsiz olduğuna zəmanət vermir.

Qida təhlükəsizliyinə nəzarət mexanizmlərinə aidiyyəti dövlət qurumlarının yoxlamaları, məhsulların mənşəyini və dövriyyəsini təsdiqləyən sənədlərin yoxlanılması, saxlanma temperaturuna nəzarət və laborator müayinələr daxildir. Azərbaycanda bu sahədə əsas nəzarət funksiyalarını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir.

Əsas məqam budur ki, istehlakçı aldığı məhsulun nə vaxt istehsal edildiyini, nə qədər müddətə yararlı olduğunu və hansı şəraitdə saxlanmalı olduğunu öyrənə bilməlidir. Bu məlumatlar təqdim edilmirsə və ya məhsulun təhlükəsizliyinə şübhə varsa, onu almaqdan çəkinmək, zərurət olduqda AQTA-ya müraciət etmək məqsədəuyğundur.

Sağlam qidalanaraq sağlam yaşayın!


Geri qayıt