Əsas Səhifə > Güney Press > AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi
AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildiBu gün, 10:40 |
|
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Əkbər Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti edilməyib. İttihama görə, Əkbər Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən, ümumi sahəsi 30 kvadratmetr olan boş torpaq sahəsinin sənədləşdirilməsi məsələsində kömək göstərilməsi barədə müraciət edən Şakir İsayevin etibarından sui-istifadə edib. Belə ki, Şakir İsayev torpaq sahəsinin sənədləşdirilməsi işlərində bacısının adına müvafiq sənədlərin alınmasına kömək göstərilməsini istəyib. Əkbər Məmmədov isə yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsilə məsələni həll edə biləcəyini bildirib. O, bu vədlərlə məsələnin müsbət həllinə inandırdığı Şakir İsayevdən 2020-ci ilin sentyabr ayında həyat yoldaşı vasitəsilə 17 000 manat, 2020-ci il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Fərhad Hümbətov” adına parkda daha 20 000 manat alıb. Beləliklə, Əkbər Məmmədovun vahid niyyətlə əhatə olunan hərəkətləri nəticəsində Şakir İsayevə ümumilikdə 37 min manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyi iddia olunub. İttihamın digər epizoduna əsasən, Əkbər Məmmədov tanıdığı zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) işə qəbul olunmasına kömək göstərilməsi barədə müraciətindən sonra da oxşar üsuldan istifadə edib. O, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu və onların vasitəsilə işə qəbul məsələsini həll edə biləcəyini vəd edib. Məsələnin müsbət həllinə inandırdığı zərərçəkmiş şəxsdən 2023-cü ilin mart ayında paytat ərazisində yerləşən parkların birində 9 000 manat alaraq ələ keçirib. Nəticədə Əkbər Məmmədov zərərçəkmiş S.S.-ə 9 000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq edib. Bundan başqa, o, növbəti epizodda istintaqla şəxsiyyəti araşdırılan Bahəddin adlı şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girib. Əkbər Məmmədov zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. Zərərçəkmiş şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən mənzilinə 17 000 manat müqabilində onun adına çıxarış alacağına dair vəd verərək aldadıb. Bu məqsədlə 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda zərərçəkmiş D.D.-dən 2 000 manat, həmin ildə isə eyni yerdə daha 15 000 manat alıb. Beləliklə, həmin epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 17 000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etdiyi ittiham olunub. İttihamda göstərilən üç epizod üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi ziyanın məbləği 63 000 manat təşkil edib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Əkbər Məmmədov Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq), 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmünə əsasən, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Geri qayıt |