Əsas Səhifə > Güney Press > Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilibBu gün, 11:21 |
|
Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında toxum sərgi-satış yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. "DİA-AZ" xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və rayondan olan 150 nəfər fermer, habelə dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi aqrar sahədə tətbiq olunan yeniliklər, fermerlərə göstərilən dövlət dəstəyi mexanizmləri, maliyyə alətləri və digər xidmətlər barədə fermerlərin ətraflı məlumatlandırılması, eləcə də dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və istehsalçılar arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsidir. Tədbir çərçivəsində ilk olaraq Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub. Yarmarkada fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim edilib. Fermerlərə əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları, torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi, habelə Aqrar Subsidiya Şurasının toxumçuluqla bağlı yeni qərarları barədə ətraflı məlumat verilib. Sərgi hissəsi yekunlaşdıqdan sonra tədbir “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirəsi ilə davam etdirilib. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Şəmkir filialının rəhbəri Valeh Əsədovun moderatorluğu ilə baş tutan müzakirələrdə aqrar sektorun müxtəlif istiqamətlərini əhatə edən vacib mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonda kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi və bu qəbil tədbirlərin yerli istehsalçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İcra başçısı dövlətin aqrar sektora göstərdiyi hərtərəfli diqqət və qayğıdan, müasir texnologiyaların tətbiqinin və keyfiyyətli toxum təminatının məhsuldarlığın artırılmasındakı mühüm rolundan geniş söhbət açıb. Panel müzakirəsində isə Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov çıxış edərək bitkiçilik sahəsində dövlət siyasəti, əkin sahələrinin effektiv monitorinqi və fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərindən danışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev yerli torpaq-iqlim şəraitinə uyğun yüksəkməhsuldar toxum sortlarının yetişdirilməsi, elmi nailiyyətlərin istehsalata tətbiqi və toxumçuluq sahəsində aparılan tədqiqatlar barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Fikrət Feyziyev runsertifikatlaşdırma prosesi, toxumun keyfiyyətinə nəzarət və fermerlərə göstərilən aqrar xidmətlərin operativliyinin artırılması məsələlərinə toxunub. Maliyyə alətləri və güzəştli kredit imkanları ilə bağlı isə “Unibank”ın Bərdə filialının müdiri Əbdülrəhman Abdullayev çıxış edərək aqrar biznesin maliyyələşdirilməsi, fermerlər üçün təşkil olunan əlverişli kredit məhsulları və bank xidmətləri haqqında ətraflı məlumat verib. Interaktiv formatda keçən panel müzakirəsinin sonunda fermerlərin sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilərək müvafiq mütəxəssislər tərəfindən geniş izahatlar verilib.
Geri qayıt |