Əsas Səhifə > Güney Press > Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı

Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı


Bu gün, 11:50

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qulu İbrahimovun barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti edilməyib.

İş materiallarına görə, Qulu İbrahimov bu il saat 09:00 radələrində Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kənd qəbiristanlığında həmkəndlisi, zərərçəkmiş Malik İsmətovla (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir zərbə vurub. Nəticədə Malikin alt çənə sümüyünün cismində solda minimal yerdəyişmə ilə sınıq, sağ çənə bucağında isə yerdəyişmə ilə müşayiət olunan sınıq yaranıb. Həmçinin onun ağız boşluğunun selikli qişasında qansızmalar qeydə alınıb.

Ekspertiza rəyinə əsasən, xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğundan qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Qulu İbrahimov Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra Malik İsmətov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Zərərçəkmiş şəxsin mövqeyinə görə, məhkum törətdiyi əmələ görə daha ağır cəzaya məhkum edilməlidir. Bu səbəbdən o, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və Qulu İbrahimova cinayət qanununun müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş edib.


Geri qayıt