Əsas Səhifə > Güney Press > Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə

Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə


Bu gün, 12:39

Döşəmə örtüklərinin satışı və quraşdırılmasını həyata keçirən “Vibrant” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) inzibati qaydada protokol yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 52 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdən 15 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

“Vibrant” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3 min ABŞ dolları cərimə edilib.

Bundan başqa, “Vibrant” MMC-nin başqa bir iş üzrə xaricə köçürdüyü pulların hesabına olan malların ölkəyə gətirilmədiyi məlum olub. MMC tərəfindən 61 min ABŞ dolları məbləğində vəsait avans olaraq ölkə xaricinə köçürülüb və həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarına əsasən, MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 61 min ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 12 200 ABŞ dolları cərimə edilib.

Qeyd edək ki, "Vibrant City" brendi altında tanınan "Vibrant" MMC tikinti, təmir və interyer sahəsində, xüsusilə müxtəlif növ döşəmə örtüklərinin satışı və quraşdırılması istiqamətində fəaliyyət göstərən şirkətdir. Cəmi 20 manatlıq nizmnamə kapitalı ilə yaradılmış "Vibrant" MMC-nin hazırda dövlətə 3 milyon manat vergi borcu yığılıb. Şirkətin direktoru Kamal Əsgərovdur.


Geri qayıt