|
Bu ilin iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “2026-cı ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı”nda yer alıb. Hesabatda bildirilir ki, bu da daşınmaz əmlakın kapitallaşma müddətinin 23 il olmasını şərtləndirir. Həmçinin qeyd edilir ki, ötən ilin sonu ilə müqayisədə kapitallaşma müddətində 2,1 illik artım müşahidə olunub. Məlumat üçün bildirək ki, daşınmaz əmlakın kapitallaşma müddəti mənzilin qiymətinin kirayədən əldə olunan gəlirlə neçə ilə geri qayıdacağını göstərir. Mərkəzi Bankın hesabatına istinadən apardığımız hesablama göstərir ki, son bir ildə median aylıq kirayə haqqı 3,85% və ya 34 manat, daşınmaz əmlakın kapitallaşma müddəti isə 2,2% və ya 0,5 il artıb. Belə ki, ötən ilin iyun ayında Azərbaycanda median aylıq kirayə haqqı 883 manat, daşınmaz əmlakın kapitallaşma müddəti isə 22,5 il olub. Bu isə o deməkdir ki, ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında Azərbaycanda mənzillərin median qiyməti 6,3% artıb. Mərkəzi Bankın məlumatlarından belə görünür ki, ötən ilin iyun ayında ölkədə mənzillərin median qiyməti 238 min 410 manat (883 × 22,5 il), bu ilin iyun ayında isə 253 min 92 manat (917 × 23 il) olub. “2026-cı ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı”nda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında Azərbaycanda mənzillərin qiyməti 8,4% artıb.
Geri qayıt
|