Əsas Səhifə > Güney Press > Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”

Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”


Bu gün, 15:05

Rusiyada yeni səfərbərlik ehtimalından qorxaraq ölkəni tərk edənlərin Ermənistana axını paytaxt İrəvanda mənzil kirayəsini kəskin bahalaşdırıb. Ermənistan Rusiyaya qonşu ölkələr arasında kirayə mənzillərin ən baha və ən çətin tapıldığı bazarlardan birinə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, Ermənistana üz tutanlar arasında təkcə Rusiya vətəndaşları deyil, uzun illər Rusiyada yaşamış və mümkün səfərbərlikdən yayınmaq istəyən ermənilər də var.

Məlumata görə, yay aylarında Ermənistan və Gürcüstanda mənzil kirayəsi qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 20–30 faiz artıb.

Hazırda İrəvanda ikiotaqlı mənzilin aylıq kirayəsi 800–900 avroya çatır. Müqayisə üçün, Ermənistanda orta aylıq nominal əməkhaqqı təxminən 790 avrodur. Bu isə o deməkdir ki, paytaxtda adi ikiotaqlı mənzilin kirayəsi ölkə üzrə orta maaşı belə üstələyir.

Qiymət artımına təsir göstərən amillərdən biri də kirayə müqavilələrinin rəsmi qeydiyyatı zamanı tətbiq edilən 10 faizlik vergidir. Mənzil sahibləri bu xərci də kirayə haqqına əlavə edirlər.

Rusiya vətəndaşlarının Ermənistana vizasız səfər edə və bir il ərzində 180 gün ölkədə qala bilməsi də miqrant axınını asanlaşdırır.

Bahalaşma təkcə kirayə bazarında deyil, mənzil satışında da müşahidə olunur. Ermənistan Kadastr Komitəsinin məlumatına görə, 2026-cı ilin avqustunda İrəvanda çoxmənzilli binalardakı mənzillərin orta bazar qiymətləri əvvəlki ayla müqayisədə 2,9 faiz, ötən ilin avqustuna nisbətən isə 23,5 faiz yüksəlib.

Rusiya vətəndaşları Ermənistanda əcnəbilərin iştirak etdiyi daşınmaz əmlak əməliyyatlarının təxminən 72 faizini təşkil edirlər.

Avqust ayında xarici vətəndaşlar ölkə üzrə 506 daşınmaz əmlak alqı-satqısı əməliyyatında iştirak ediblər. Bu, bütün əməliyyatların 7,6 faizinə bərabərdir.

“Euronews”un məlumatları göstərir ki, Rusiyadan miqrasiya axını Ermənistanın mənzil bazarında qiymətləri yüksəldərək yerli əhalinin, xüsusilə orta gəlirli ailələrin kirayə mənzil tapmasını daha da çətinləşdirir.


Geri qayıt