Əsas Səhifə > Güney Press > Azərbaycanın yeni reallıqları kimləri narahat edir?

Azərbaycanın yeni reallıqları kimləri narahat edir?


Bu gün, 15:43

Azərbaycanda vahid məktəbli geyimlərinin tətbiqi ilə bağlı qərar ətrafında süni müzakirələrin yaradılması və cəmiyyətdə əsassız narahatlıqların formalaşdırılması cəhdləri müşahidə olunur. Halbuki mövcud qaydalar dinə və hicaba qarşı qadağa kimi qiymətləndirilə bilməz. Təhsil sistemində dünyəvilik prinsiplərinin qorunması, qanunvericiliyin tələblərinə əməl edilməsi və bütün şagirdlərə bərabər yanaşılması dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir.

Publika.az mövzu ilə bağlı AMEA-nın aparıcı elmi işçisi, dosent, ictimai xadim Sənan Həsənovun fikirlərini öyrənib.

O bildirdi ki, vahid məktəbli geyiminin tətbiqi və müəyyən edilmiş qaydalara əməl olunması dünyəviliyin, bərabərliyin, milli dəyərlərə və qanunlara hörmətin mühüm göstəricisidir. Onun sözlərinə görə, bu məsələdə hüquqi baxımdan hər kəsə eyni yanaşmanın tətbiqi əsas prinsip olmalıdır.

S.Həsənov qeyd etdi ki, Nazirlər Kabinetinin müvafiq qərarını əsas gətirərək cəmiyyətdə gərginlik yaratmağa çalışan bəzi qüvvələrin çağırışları qərəzli xarakter daşıyır və müəyyən məqsədlərə xidmət edir. O vurğuladı ki, təhsil sahəsində müəyyən edilmiş qaydaların dinə və hicaba qarşı yönəldilməsi düzgün yanaşma deyil. Əsas məsələ dini inanclarla təhsil müəssisələrində tətbiq olunan ümumi qaydaları bir-birinə qarşı qoymadan, qanunvericiliyin tələblərinə uyğun davranmaqdır.

İctimai xadim diqqətə çatdırıb ki, Azərbaycan bu gün yalnız siyasi və iqtisadi deyil, həm də ideoloji müstəvidə müxtəlif çağırışlarla üzləşir. Onun fikrincə, Azərbaycanın yaratdığı yeni reallıqlar bəzi qüvvələri narahat edir və gənc nəsil arasında çaşqınlıq yaratmaq cəhdləri də bu kontekstdə qiymətləndirilməlidir.

S.Həsənov əlavə etdi ki, Azərbaycan dövləti və cəmiyyəti bu cür təşəbbüsləri diqqətlə təhlil edir və onlara münasibət bildirir. O bildirdi ki, din pərdəsi altında həyata keçirilən qərəzli çağırışlar bütövlükdə Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirmir:

"Azərbaycanın dini dəyərlərə və dinin mütərəqqi mahiyyətinə hörmətlə yanaşması dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmir. Çünki din dövlətdən ayrıdır, təhsil isə dünyəvilik prinsipləri əsasında təşkil olunur. Bu baxımdan, dini inanclara hörmətlə yanaşmaqla yanaşı, təhsil sahəsində qanunla müəyyən edilmiş qaydalara əməl edilməsi də hər kəsin məsuliyyətidir".


Geri qayıt