Əsas Səhifə > Güney Press > Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə
Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdəBu gün, 17:50 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından sonra iki ölkə arasında münasibətlərin necə qurulmalı olduğuna dair baxışını təqdim edib. Paşinyan Ermənistan və Azərbaycan arasında anklav və eksklavların olmamasını, bu məsələnin bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsi yolu ilə həllini təklif edib. Baş nazirin sözlərinə görə, Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr təşkil etməli, Azərbaycanla sərhədlərin delimitasiyası isə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır. Paşinyan bildirib ki, iki ölkə arasında bütün yollar və nəqliyyat kommunikasiyaları açılmalıdır. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin təmin edilməsinin vacibliyini də vurğulayıb. Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər bir-birinə qarşı heç bir ərazi iddiası irəli sürməməlidirlər. Onun sözlərinə görə, bu prinsip Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan konsepsiyası ilə bağlı məsələlərə də şamil edilməlidir. Paşinyan əlavə edib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra iki ölkə arasında belə bir sülhün əldə olunmasının real olduğu qənaətinə gəlib. Qeyd edək ki, Ermənistanın Baş naziri son vaxtlar Azərbaycanın işğal altında qalmış dörd anklav kəndinin qaytarılmasının vacibliyindən tez-tez danışır. Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, yaşayış məntəqələrinin geri qaytarılması sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır. Tərəflər delimitasiya işlərinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin kəsişdiyi ərazidən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılığa gəldiyindən Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin işğalına qısa müddətdə son qoyulacağına dair məlumatlar üstünlük təşkil edirdi. Lakin sonradan Kərki kəndinin Azərbaycana qaytarılmasına hazırlıq getdiynə dair xəbərlər yayılmağa başladı. Hətta Nikol Paşinyan Kərkidə məskunlaşmış ermənilərin başqa kəndə köçürüləcəyindən və onlara kompensasiya veriləcəyindən danışdı. Ermənistanın Baş naziri hesab edir ki, həmin kəndlər “Real Ermənistan”ın 29743 kvadrat kilometr ərazisinə daxil deyil. Əks halda, Ermənistanın ərazi göstəricisi dəyişir. Yəni Paşinyan “Real Ermənistan” dedikdə, Ermənistan SSR-i nəzərdə tutur. Sovet dövründə isə həmin anklavlar Ermənistanın tərkibində olmayıb. Ona görə də rəsmi İrəvan kəndlərin qaytarılacağını vəd edir. Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 8-də Türkmənistanda baş tutan qeyri-rəsmi görüşü zamanı aparılan söhbətində də bu məsələnin diqqət mərkəzində olduğu aydın olur. Ermənistan tərəfi bununla bağlı dəfələrlə açıqlama versə də, hələlik əməli addımlar atmayıb. Həmin kəndlər Azərbaycanın suveren əraziləridir və işğal edilib. Bu kəndlərin Azərbaycana qaytarılmaması 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinə ziddir. Ona görə də Ermənistan qeyd-şərtsiz adları çəkilən anklavları Azərbaycanın yurisdiksiyasına verməlidir. Əks təqdirdə, Azərbaycan kəndləri güc yolu ilə azad etmək hüququnu özündə saxlayır və bundan istifadə edə bilər. Qeyd edək ki, bu məsələdə Qazax rayonunun kəndlərinin qaytarılmasında hər hansı maneə yoxdur. Kərki kəndi ilə bağlı Ermənistan hüquqi maneə yaradıb. Yəni Ermənistanın 1995-ci ildə qəbul etdiyi “İnzibati ərazi bölgüsü haqqında” Qanunla Kərki kəndi Ararat Vilayətinin Paruyr Sevak (Çanaxçı) rayonunun tabeliyinə verilib. Ona görə də Kərki kəndinin qaytarılması ilə yanaşı, Ermənistan parlamenti qanunvericiliyə dəyişiklik etməli və Azərbaycana məxsus yaşayış məntəqəsinə ərazi iddiasına son qoymalıdır. Paşinyan bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsindən danışarkən çox güman ki, bu qanunsuz qərara istinad edir və Kərkini Gədəbəy rayonunun Başkənd kəndi ilə dəyişməyi təklif edir. Yəni dolayısı ilə Kərki üzərində Ermənistanın yurisdiksiyasının tanınması müqabilində Başkəndin də Azərbaycanda qalmasına eyham vurulur. Bundan başqa, Paşinyan Qarabağa, Qərbi Azərbaycana və Naxçıvana ərazi iddialarından imtinanın vacibliyini bəyan edir. Bununla da Paşinyan ermənilərin Qarabağa və Qərbi azərbaycanlıların isə öz evlərinə qayıtması məsələsində tərəflərin öz məqsədlərindən “güzgü” prinsipi əsasında geri çəkilməsini kompromis variant kimi irəli sürür. Naxçıvanla bağlı məsələyə gəlincə, burada tərəflər arasında bir razılaşmanın əldə olunduğunu görmək olar. Yəni Ermənistan hakimiyyəti sülhün əsas şərtlərindən biri kimi ermənilərin Naxçıvan Muxtar Respublikasına olan ərazi iddiasından de-yure imtina edir. Həmçinin, rəsmi İrəvan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan eksklavı arasında maneəsiz və təhlükəsiz hərəkətin reallaşması üçün Zəngəzur dəhlizinin açılmasını təmin edə bilər. Müşfiq Abdulla Geri qayıt |