Əsas Səhifə > Güney Press > “Aliment ödəmir, anamın halal evini də bizdən alır”

“Aliment ödəmir, anamın halal evini də bizdən alır”


Bu gün, 18:52

Plastik cərrah Türkan Gündüzü qətlə yetirən həyat yoldaşı Muhammet Gündüzün mirasdan məhrum edildiyi bildirilib.

Mərhumun qızı Həlimə məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, atası tam olaraq mirasdan məhrum edilməyib. Həlimə atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab olunması tələbi ilə məhkəməyə müraciət etdiyini söyləyib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.

Həlimə anası ilə atasının evliliyindən əvvəl alınan evin də bölünməsinə etiraz edib:

"Novxanıdakı mülk anamla atamın nikahından əvvəl alınıb. Eyni zamanda Nərimanov ərazisində ev var. O, ləyaqətsiz varis seçilsə də, onun hər iki evdə 50 faiz payı var. Qalan yarı hissə isə mən, balaca bacım, babam və nənəm arasında bölündü. Bu, necə ola bilər? Balaca bacım Sibel mənim qəyyumluğumdadır. Atam ona görə heç bir aliment ödəmir. 15 min manat zərərçəkmə üçün ödəməlidir. Eyni zamanda aliment borcu var. Uşağa mən baxıram. Buna da imkan vermirlər. Nərimanovdakı evi dolanışıq üçün kirayə vermişəm. Gündüzün birinci evlilikdən olan qızı Büşra Gündüz gəlib onları evdən çıxartmağa çalışır. İstanbulda təhsil alıram. Vəkillə Büşra gəlib evə, kamera görüntüləri də var.

Mənim anam atamın çox əzablarına dözüb. Atam bizə dəfələrlə şiddət göstərib, balta ilə bizi hədələyib. Atamın Türkiyədə 6-dan çox evi var. Onları da bizə yox, birinci nikahdan olan uşaqlarına verir. Atam deyir ki, mən mirasa görə cinayət etməmişəm. Bəs ona görə etməmisənsə, niyə anamın evini qızına verirsən, öz övladına aliment, zərərçəkmiş pulu vermirsən? Universitetə olan borcumu vermirsən. Hər şeyin sübutu var".

Qeyd edək ki, Türkan Gündüz 2023-cü il mayın 7-si Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum olunub.


Geri qayıt