Əsas Səhifə > Güney Press > “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar”
“Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar”Bu gün, 12:57 |
|
Son dövrlər Azərbaycandakı dünyəvilik, milli-mənəvi dəyərlərə sadiqliklə bağlı müzakirələr aktuallaşıb. Bu fonda sosial şəbəkələrin müxtəlif ölkələrdəki seqmentlərində Azərbaycana qarşı səsləndirilən fikirlər, bəəzn hətta həddi aşaraq təhdid və təhqir xarakterli çağırışlar cəmiyyətdə haqlı narazılıq yaradır. Bu çıxışlardan bəlli olur ki, Azərbaycanın indiki durumu özlərinin ərəbləşməsinə, farslaşmasına göz yuman müəyyən kəsim tərəfindən fərqli yozulur. Müzakirələrdə Azərbaycanın dünyəvi dövlət prinsipləri, dini baxışların cəmiyyətə təqdim olunma forması və ayrı-ayrı dövlət qərarlarının tətbiq dairəsi diqqət mərkəzinə gəlir. Xüsusilə, təhsil müəssisələri ilə bağlı qəbul edilən qərarların hüquqi çərçivəsi və onların məktəbdən kənar ictimai həyata şamil edilib-edilməməsi məsələsi ətrafında müxtəlif, bəzi hallarda yanlış fikirlər səsləndirilir. Müzakirələrdə Azərbaycana qarşı səsləndirilən fikirlərə etiraz edənlər Azərbaycanda qəbul edilən qərarların Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün irəli sürdüyü laiklik prinsipi də üst-üstə düşdüyünu bu kontekstdə xatırladırlar. “Cebheinfo.az”-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu məsələyə bir neçə istiqamətdən və müxtəlif rakurslardan yanaşmaq mümkündür: “Ölkəmizdə övladları və valideynləri ilə birlikdə dini inanclara bağlı olan, dini ibadəti hər şeydən üstün tutan ailələr var. Bu ailələr bu şəkildə formalaşıb. Onlar müəyyən narahatlıq hissi keçirir, sanki inanclarının əleyhinə proses getdiyini düşünürlər. Lakin hər kəs başa düşməlidir ki, dövlət var və Azərbaycan dünyəvi dövlətdir. İnkişaf da dünyəvi dövlətin prinsiplərinə və tələblərinə uyğun istiqamətdə getməlidir. Dövlətçilik prinsipləri və dövlətin qanunları əsas götürülməlidir. Biz dünyəvi dövlətik. Yəni şəriət qanunları ilə deyil, dövlətin qanunları ilə idarə olunuruq. Buna görə də bu məqam nəzərə alınmalıdır. Din, təbii ki, mənəviyyatımızdır. Hər kəsin ibadət etməsi onun daxili mənəvi aləmi və şüuru ilə bağlı məsələdir. Bu iki anlayışı bir-birinə qarşı qoymaq olmaz. Əgər dövlət məktəbli forması tətbiq edirsə, hər kəs buna əməl etməlidir. İstər İslam, istər yəhudilik, istərsə də xristianlıq dininə mənsub olan şəxslər məktəbli formasının tələblərinə uyğun davranmalı, özlərinin fərqli geyim və dini nişanlarından, əlamətlərindən, rəmzlərindən imtina etməlidirlər. Vahid şəkildə məktəbli forması varsa, kimsə başına papaq qoyub dərsə gəlməməlidir, kimsə saqqal saxlayırsa imtina etməlidir. Həmçinin, kimsə çox qısa geyinirsə, özünü məktəbli formasına uyğunlaşmalıdır və ya kimsə baş örtüyü ilə gəlmək istəyirsə o vahid məktəbli formasına uyğun gəlmir. Bir sözlə, vahid geyim qaydalarına riayət olunmalıdır. Bunu böyük bir faciəyə çevirməyə ehtiyac yoxdur. Əsas məsələ dövlətin qanunlarına və müəyyən etdiyi qaydalara əməl olunmasıdır”. Akif Nağı vurğulayıb ki, xaricdə müəyyən qüvvələr Azərbaycana təsir göstərmək, ölkəmizə qarşı təhdid və təxribatlar törətmək, Azərbaycan əhalisini qanunsuz aksiyalara təhrik etmək məqsədilə müxtəlif addımlar atırlar: “Onlar aksiyalar keçirir, sosial şəbəkələrdə paylaşımlar edir, müəyyən müraciətlərlə çıxış edirlər. Hesab edirəm ki, həmin insanlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların, digər ölkələrin və xalqların daxili işlərinə qarışmamalı, həmin ölkələrin qanunlarına müdaxilə etməməlidirlər. Yəni onlar kimdirlər ki, Azərbaycana göstəriş versinlər? Əslində, Azərbaycanda İslam modeli bütün İslam dünyası üçün nümunə ola biləcək bir modeldir və bir çoxlarından da üstündür. Bunu onlar başa düşməlidirlər. Azərbaycanda bütün dini icmalara, o cümlədən İslam daxilindəki müxtəlif cərəyanların nümayəndələrinə sərbəst şəkildə ibadət etmək üçün imkan və şərait yaradılır. Bir çox İslam ölkələrindən fərqli olaraq, Azərbaycanda hər hansı dini cərəyanın nümayəndələri digər cərəyanların mənsublarının ibadətinə mane olmur və onlar təqib edilmirlər. Bəzi ölkələrdə şiəlik üstündürsə, digər cərəyanlara imkan vermirlər. Harada sələfilik üstünlük təşkil edirsə, digərlərinə imkan vermirlər, məhdudiyyətlər qoyulur. Azərbaycanda isə İslam daxilindəki müxtəlif inanclara və cərəyanlara şərait yaradılır. Buna görə də Azərbaycan dini baxımdan nümunəvi modeldir. Xaricdən çıxış edən bəzi qüvvələrin müəyyən məqsədlərinin olduğu aydındır. Onlar həmin məqsədləri həyata keçirməyə çalışırlar. Lakin buna nail ola bilməyəcəklər. Hesab edirəm ki, istənilən müsəlman ölkəsi, o cümlədən qonşu dövlətlərimiz Azərbaycan dövlətinin və hakimiyyətinin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz də bu münasibəti izləyirik. Əgər qərarlarımıza hörmətlə yanaşılarsa, münasibətlərimiz normal şəkildə davam edəcək. Yox, əgər hörmətsizlik edilərsə və ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri göstərilərsə, onlar heç nəyə nail ola bilməyəcəklər və Azərbaycan tərəfindən adekvat münasibətlə qarşılaşacaqlar”. Geri qayıt |