Əsas Səhifə > Güney Press > Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub

Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub


Bu gün, 13:09

Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid S.R ailə vəziyyəti ilə əlaqədar evə ehtiyacı olduğunu deyib:

"Hərbi şəhərcikdə ev boşaldı. Mən 2 otaqlı ev üçün Əvəz müəllimə müraciət elədim. Dedilər ki, Əvəz müəllimlə işini görməsən, ortada qalacaqsan. O, məndən 3 000 manat pul istədi. Məbləğə gücüm çatmadığını dedim. Ə. Rüstəmov qiymət budur deyib, sözündən dönmədi. Pulum çatmadığından evi ala bilmədim".

Təqsirləndirilən Əvəz Rüstəmov şahidin yalan danışdığını iddia edərək, ona ev üçün müraciət edilmədiyini və pul istəmədiyi deyib.

Növbəti proses 29 oktyabr saat 11:00-a təyin olunub.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


Geri qayıt