Əsas Səhifə > Güney Press > Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi
Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildiBu gün, 16:31 |
|
Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Xalid Əsədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə bu il yanvarın 24-də saat 14 radələrində Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində baş verib. Belə ki, Xalid Əsədov etibarnamə əsasında idarə etdiyi "Mersedes Sprinter" markalı avtomobillə Salyan şəhəri istiqamətində hərəkətdə olub. Onun avtomobili saatda 80 kilometr sürətlə idarə etdiyi bildirilib. Məlumata əsasən, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub. Həmin tələblərə görə, sürücü nəqliyyat vasitəsini öz hərəkət zolağı ilə idarə etməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini keçərək qarşı hərəkət zolağına çıxmamalı və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamalıdır. Bildirilib ki, Xalid Əsədovun hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, üfüqi nişanlanma xəttini keçərək qarşı hərəkət zolağına çıxıb. İttihamda göstərilib ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil qarşı hərəkət zolağında Neftçala şəhəri istiqamətində hərəkət edən Sabir Ələkbərovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobilin arxa sol oturacağında sərnişin kimi əyləşən, 2011-ci il təvəllüdlü Murad Ələkbərov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Hadisədən sonra Xalid Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Neftçala Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə Xalid Əsədova 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib və o, məhkəmə iclası zalından dərhal həbsə alınıb. Geri qayıt |