Əsas Səhifə > Güney Press > ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir"

""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir"


Bu gün, 17:44

"Bizim Quranımızda baş örtüyü haqqında heç nə yoxdur. Sinəsi açıq gəzmək olmaz, bu var. Ümumiyyətlə, uşaqlara baş örtüyü olmamalıdır. Ailə tərəfindən bu edilməməlidir. Buna uşağın özü yaşa dolduqdan sonra qərar verməlidir. Ola bilər ki, ailə dindar olar, amma uşaq dindar olmaq istəməyə də bilər. Bu onun öz seçimi olmalıdır".

Bu fikirləri Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Manset.az-a açıqlamasında səsləndirib. O deyib ki, uşaqları dini mövzulara deyil, dərslərinə yönəltmək onların daha çox inkişaf etmələrinə səbəb olar:

"Bu, daha məqsədəuyğundur. Çünki din altında bizə qarşı müəyyən proseslər gedir. Mən bunları qəbul etmirəm. Cəmiyyətin bir hissəsi və o valideynlərin çoxu, təəssüf ki, bunu dərk etmir. 2-3-cü sinif uşağı dinin fəlsəfəsini dərk edə bilməz. 14-16 yaşına qədər uşaqlara ümumiyyətlə dinlə məşğul olmaq qadağan olunmalıdır. 18 yaşına gəldikdə özləri seçim etsinlər. Şagirdlər elm öyrənsin, nəsə kəşf etsinlər, bomba çıxarsınlar, fizika öyrənsinlər. "Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir. Bu cür çıxışları yığışdırmaq lazımdır. Biz dövlətimizi, dövlətçiliyimizi qorumalıyıq. Mən o dindarların çoxundan, qara paltar geyinənlərin çoxundan qorxuram. Mən istəyirəm ki, mənim dövlətim möhkəm olsun, uşaqlarımız sağlam fikirli olsunlar, özləri düşünsünlər, seçsinlər. İnkişaf dində deyil, inkişaf fizikadadır, elmdədir", - deyə R.Mahmudov fikirlərinə əlavə edib.


Geri qayıt