Əsas Səhifə > Güney Press > "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik"

"Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik"


Bu gün, 17:49

“Oktyabr ayında pomidor heç vaxt bu qiymətə satılmayıb”.

Bunu fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında deyib.

O, pomidorun topdansatış qiymətinin kəskin aşağı düşdüyünü və kənd təsərrüfatı məhsullarına tələbatın zəiflədiyini bildirib.

Fermerin sözlərinə görə, hazırda pomidorun sahədə bir kiloqramı cəmi 45-50 qəpiyə təklif olunur:

“Hazırda pomidorun bir kiloqramının sahədə topdansatış qiyməti 45-50 qəpikdir. Oktyabr ayında pomidorun bu qiymətə satılması normaldırmı? Kənd təsərrüfatı məhsullarının bir çoxunda alıcılıq qabiliyyəti aşağı düşüb. Bu gün badımcanın bir kiloqramını 70 qəpiyə belə sata bilmirik. Halbuki bir müddət əvvəl onun bir kiloqramını 80-90 qəpiyə satırdıq. Badımcan əsasən turşu hazırlamaq üçün də alınır. Turşu mövsümü başa çatdığından hazırda bu məhsula tələbat azalıb. Nəticədə badımcanın qiyməti təxminən 30-40 qəpik ucuzlaşıb. Bundan başqa, lobya və bibərin də qiyməti aşağı düşüb”.

Anar Abbasov hazırda sahədə 5-6 ton badımcanın qaldığını da diqqətə çatdırıb.

O bildirib ki, məhsula alıcı tapılmadığından badımcanın bir hissəsi sahədə qalır:

“Alıcı olmadığı üçün badımcan sahədə qalıb. Hava şəraiti belə davam etsə, məhsul sürətlə böyüyəcək və əmtəəlik görünüşünü itirəcək. Bu baş verəndən sonra onu satmaq daha da çətinləşəcək”.


Geri qayıt