Əsas Səhifə > Güney Press > AKP susur, Azərbaycana qarşı kampaniya səngimir
AKP susur, Azərbaycana qarşı kampaniya səngimirBu gün, 15:15 |
|
Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə dini icma və fondların ictimai həyata təsirinin genişlənməsi, uşaqların müdafiəsi ilə bağlı qalmaqallar və dünyəvi təhsillə bağlı mübahisələr fonunda bu ölkənin siyasi dairələrinin Azərbaycana ünvanladığı iradlar ciddi suallar doğurur. Türkiyədə dini icmalara bağlı yataqxana və kurslarda uşaqların təhsildən uzaqlaşdırılması, zorakılıq və cinsi istismar iddiaları uzun müddətdir ictimai müzakirə mövzusudur. Ensar Vakfına bağlı yataqxanada uşaqların cinsi istismarı işi və dövrün naziri Sema Ramazanoğlunun hadisə ilə bağlı qalmaqallı açıqlaması bu məsələnin siyasi məsuliyyət müstəvisində də müzakirəsinə səbəb olmuşdu. Diyanət İşləri Başqanlığının azyaşlıların nikahı ilə bağlı mübahisəli açıqlamaları, erkən evliliklərə şərait yarada biləcəyi deyilən təşəbbüslər və Türkiyənin İstanbul Konvensiyasından çıxması da qadın və uşaq hüquqlarının müdafiəsi ətrafındakı narahatlıqları artırıb. Əlbəttə, söhbət Türkiyə cəmiyyətinin dini inanclarından deyil, uşaqların hüquqlarının siyasi və ideoloji maraqlardan üstün tutulub-tutulmamasından gedir. Dini nüfuz, siyasi əlaqələr və ya ənənə adı altında uşaqların təhlükəsizliyinə xələl gətirilməsi yolverilməzdir. Dövlətin vəzifəsi azyaşlıları hər hansı ideoloji təsirə təslim etmək deyil, onların təhlükəsizliyini, keyfiyyətli təhsilini və azad inkişafını təmin etməkdir. Belə bir şəraitdə Azərbaycanın dünyəvi təhsil sisteminə və məktəbli geyimi ilə bağlı qaydalarına irad bildirilməsi xüsusilə ziddiyyətli görünür. Azərbaycan öz təhsil siyasətini suveren dövlət kimi müəyyənləşdirir. Məktəbli forması və təhsil qaydaları müzakirə oluna bilər, lakin bu məsələlərdən Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə almaq üçün istifadə edilməsi qəbuledilməzdir. Türkiyə ilə qardaşlıq münasibətləri qarşılıqlı hörmətə əsaslanmalıdır. Qardaşlıq digər ölkənin daxili işlərinə müdaxilə etmək hüququ vermir. AKP hakimiyyətinin daxili problemlər fonunda dini və milli ritorikadan siyasi məqsədlərlə istifadə etməsi, diqqəti xarici mübahisələrə yönəltməsi ehtimalı da nəzərdən qaçmamalıdır. İqtisadi çətinliklər, qadınlara qarşı zorakılıq və idarəetmə ilə bağlı sualların mövcud olduğu şəraitdə Azərbaycanın dünyəvi təhsil modelini mübahisə predmetinə çevirmək Türkiyənin öz problemlərinin həlli deyil. Hüquq və əxlaq barədə danışmaq asandır, əsas məsələ həmin prinsipləri siyasi maraqlardan üstün tutmaqdır. Azərbaycanın dünyəvi dövlətçilik ənənələri və təhsil siyasəti başqa ölkələrin daxili siyasi hesablaşmalarının alətinə çevrilməməlidir. Uşaqların hüquqları siyasi ritorika vasitəsi, dini institutlar isə məsuliyyətdən yayınmaq üçün sipər olmamalıdır. Azərbaycana irad bildirənlər ilk növbədə öz siyasətlərinin nəticələrinə baxmalı, başqalarından tələb etdikləri prinsiplərə özləri də əməl etməlidirlər. Öz ölkəsində uşaqların müdafiəsi ilə bağlı ciddi suallara cavab verməli olan AKP hakimiyyəti hansı mənəvi və siyasi əsaslarla Azərbaycana dərs keçməyə çalışır? Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında mövcud durumdan bir azərbaycanlı olaraq çox təəssüfləndiyini dilə gətirdi: “Azərbaycan hər bir qərarını verməkdə müstəqildir. Hansı ölkə olmasından asılı olmayaraq, bizim daxili işlərimizə qarışa bilməz. Məktəblərdə hicab məsələsi ilə bağlı məlum qərarı müstəqil dövlət olaraq verdik və buna görə kimsə bizə irad bildirə, etiraz edə bilməz. Amma təəssüflər olsun ki, ən çox bizə qardaş ölkə deyən Türkiyəmizdə xoşagəlməyən durum yaşayırıq. Azərbaycan səfirliyi önündə etiraz aksiyaları təşkil etmək nədir? Qardaş da qardaşın evinin qarşısında aksiya təşkil edər? Doğrudur, bunun hakimiyyət səviyyəsində təşkil olunmadığı aydındır. Amma heç olmasa, bir mövqe sərgilənə bilməzdi? AKP hakimiyyəti dövründə Türkiyədə hicab məsələsində yaranan problemlər, eləcə də uşaqlarla bağlı erkən nikahdan tutmuş digər məsələlərə qədər yaşananlar məlumdur. Amma biz indiyə qədər dostluq-qardaşlıq münasibətlərinə görə düşündük ki, keçib gedər. Lakin görürük ki, prosesi sanki körükləyən qüvvələr ard-arda peyda olmaqdadır. Hakimiyyət isə susqun mövqe sərgiləyir. Olmaz, belə qardaşlıq. Vallah olmaz”. Siyasi təhlilçi bütün bunlarla yanaşı qardaş ölkədə Azərbaycanı müdafiə edənlərin çoxluq təşkil etdiyinə əmindir: “Türkiyədə Azərbaycanı müdafiə edən milli kəsim hadisələrin inkişafına hər zaman təsir edə bilmir. Ermənistanla “futbol diplomatiyası” və “Sürix protokolu” məsələsinin reallaşmamasında da bu kəsimin rolu olmuşdu. Hazırda milli kəsimin Azərbaycana hücum edənlərə qarşı mövqeyi genişlənir. Fikrimcə, bu kəsimin etirazları prosesə müəyyən qədər də olsa təsir edə bilər. Lakin ümumi mənzərədə Azərbaycanın müstəqil siyasi addımlarına qarşı aqressiyanın davam edəcəyi görünür. Çünki məsələ hazırda müzakirə edilən “hicab qadağası” iddiası deyil. Azərbaycana qarşı informasiya hücumları uzun müddətdir davam edir, son bir ildə xüsusilə genişlənib. Bu kampaniyanın arxasında dayananlar Türkiyədə hakimiyyət dairələrinə qədər yüksələn siyasi İslamçıların olduğu görünür. Fikrimcə, süni şəkildə gərginliyin yaradılması cəhdləri davam edəcək, indi səngisə belə, yenidən başlaya bilər. Son dövrlər bu prosesin təkrarlanması belə deməyə əsas verir. Burada Türkiyə rəhbərliyinin mövqeyi həlledici olacaq. Bu mövqeyin də Azərbaycan-Türkiyə strateji münasibətləri və qardaşlığından yana olacağını düşünürəm”. Geri qayıt |