Əsas Səhifə > Güney Press > “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir”

“Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir”


Bu gün, 15:40

ABŞ prezidenti Donald Trampın Rusiya ilə enerji sahəsində razılaşma fonunda Ukraynaya münasibəti və Kiyevin müharibənin dayandırılması ilə bağlı mövqeyi beynəlxalq gündəmin diqqət mərkəzindədir.

Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlarda güzəştə getməyə hazır olmadığını tənqid edir, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının isə qlobal enerji qiymətlərinə təsir göstərdiyini bildirir. Zelenski isə ölkəsinin suverenliyindən imtina etməyəcəyini vurğulayır.

Bu vəziyyət ABŞ-ın Ukraynaya dəstəyinin gələcəyi, mümkün sülh razılaşmasının şərtləri və ərazi güzəştlərinin beynəlxalq təhlükəsizlik üçün yarada biləcəyi nəticələrlə bağlı suallar doğurur.

Maraqlıdır, Donald Trampın Rusiya ilə enerji razılaşmasına üstünlük verən yanaşması və Volodimir Zelenskidən güzəşt gözləntisi Ukrayna müharibəsinin gələcəyinə, ABŞ-Ukrayna münasibətlərinə və postsovet məkanında təhlükəsizliyə necə təsir edə bilər?

Belə bir şəraitdə ədalətli sülhün təmin olunması ilə Ukraynanın ərazi bütövlüyünün qorunması arasında hansı siyasi və hüquqi mexanizmlər həlledici ola bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Elçin Xalidbəyli açıqlama verib.

Siyasi şərhçi bildirib ki, Trampın Putinlə dizel yanacağı ilə bağlı anlaşması Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin kəskin gərginləşməsinə, hətta pozulma həddinə çatmasına səbəb olub:

"Bu vəziyyət açıq şəkildə müşahidə olunur. Rəsmi Kiyev Ağ Ev sahibinin mövqeyini sərt şəkildə tənqid edir. ABŞ prezidenti Donald Tramp isə Zelenskinin hakimiyyəti təhvil verərək kənara çəkilməsinin vacibliyini vurğulayır.

Trampın fikrincə, Zelenski anlaşılması mümkün olmayan siyasi fiqurdur və hazırda Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş sülh prosesinə mane olur.

Bu, Trampın şəxsi yanaşma tərzini əks etdirir. Halbuki Ukrayna prezidentinin arqumentləri daha ciddidir. Məsələ ondadır ki, Tramp Ukraynanı məhz ABŞ-ın dizel yanacağı ilə bağlı maraqlarına qurban verməyə çalışır. Rəsmi Kiyev isə Ukraynanın və onun ərazilərinin ABŞ-ın maraqları naminə siyasi alver predmetinə çevrilə bilməyəcəyini vurğulayır.

Belə bir vəziyyətdə Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə ədalətli sülhün əldə ediləcəyinə ümid bəsləmək sadəlövhlük olardı. Çünki hazırda Tramp administrasiyası Ukrayna müharibəsinə münasibətdə Rusiyanın tərəfdaşı kimi çıxış edir. Ən əsası isə Ağ Ev faktiki olaraq beynəlxalq hüquq normalarını görməzdən gəlir.

Rusiya beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Ukrayna ərazisinə qoşun yeridib və işğalçı müharibəyə başlayıb. Nəticədə Ukrayna ərazilərinin müəyyən bir hissəsi Rusiya ordusu tərəfindən işğal edilib. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Çünki beynəlxalq hüquqa görə, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı fundamental prinsiplərdir. Rusiya isə bu prinsipləri kobud şəkildə pozub. Əgər Tramp administrasiyası həqiqətən sülh istəyirsə və bu sülhün ədalətli olmasına çalışırsa, ilk növbədə neytral mövqe tutmalı, eyni zamanda beynəlxalq hüquq normalarını dəstəkləməlidir.

Beynəlxalq hüququn prinsipləri isə Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qorunmasını tələb edir. Amerika Birləşmiş Ştatları isə hələlik bu mühüm qlobal məsələyə lazımi əhəmiyyət vermək niyyətində deyil və özünün enerji maraqlarını məhz Ukraynanı qurban vermək hesabına reallaşdırmağa çalışır.

Bu baxımdan hesab etmək olar ki, hazırda Ukrayna üçün olduqca taleyüklü bir mərhələ başlayıb və mövcud vəziyyət ədalətli sülhün əldə olunacağına dair ümidləri doğrultmur".


Geri qayıt