Əsas Səhifə > Güney Press > "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə...
"Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə...Bu gün, 10:58 |
|
Ermənistanla Türkiyə arasında sərhəd hələ də bağlı olsa da, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni addımlar atılır. Rəsmi İrəvan akademik mübadilə, hava nəqliyyatı və ticarət sahələrində irəliləyiş olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Ermənistan parlamenti sədrinin müavini Vaaqn Aleksanyan ölkə İctimai Televiziyasının efirində Türkiyə ilə akademik mübadilə barədə razılıq əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistandan olan tələbələr Türkiyəyə təhsil almağa gedəcək, Türkiyədən olan tələbələr isə Ermənistana gələcəklər.
Aleksanyan hava nəqliyyatı sahəsində də ciddi irəliləyiş olduğunu vurğulayıb. O, həmçinin Ermənistanın ixrac etdiyi məhsullar üçün Axalkalaki–Qars dəmir yolu marşrutunun açıldığını, Türkiyə ilə Ermənistan arasında malların idxalı və ixracının vasitəçilərsiz həyata keçirilməsi imkanının yarandığını qeyd edib.
Erməni deputatın fikrincə, iki ölkə arasında sərhədin açılması gözləniləndən daha tez baş verə bilər. O, hazırkı prosesin dinamikasının 6-7 il əvvəl təsəvvür belə edilə bilməyəcək səviyyədə olduğunu bildirib.
Aleksanyan müxalifətin hakimiyyəti Türkiyənin maraqlarına xidmət etməkdə ittiham etməsinə də münasibət bildirib. Onun iddiasına görə, müxalifətin bu cür açıqlamaları əslində Türkiyənin maraqlarına uyğun təbliğat xarakteri daşıyır.
Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycana qarşı addım kimi qiymətləndirilməməlidir...
Türkiyə ilə Ermənistan arasında əlaqələrin inkişafı Azərbaycan cəmiyyətində Ankaranın xəyanəti kimi qəbul edilməməlidir. Azərbaycanla Ermənistan arasında hələ sülh sazişi imzalanmasa da, Bakı Ermənistana müxtəlif növ yardımların çatdırılmasına imkan yaradır, Rusiya və digər ölkələrdən göndərilən yüklərin Azərbaycan ərazisindən tranzitinə şərait yaradır, üstəlik, Ermənistanla ticarət əlaqələri də qurur.
Bu baxımdan, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri də regionda uzunmüddətli sabitliyin yaradılması kontekstində qiymətləndirilməlidir. Və unutmayaq ki, Ankara ilə Bakı arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri mövcuddur.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda verdiyi son açıqlamada vurğuladığı kimi, Azərbaycan və Türkiyə liderlərini birləşdirən qardaşlıq bağları möhkəmdir və iki ölkə arasında müzakirə doğuran məsələlərin həll olunacağına inam ifadə edilir.
Regionda sülhün və iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas məsələ Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmliyini qorumaqla yanaşı, Ermənistanla münasibətlərdə də qarşılıqlı faydaya əsaslanan addımların atılmasıdır.
Geri qayıt |