Əsas Səhifə > Güney Press / Partiya > "Rusiyanın imkanları başqalarından daha çoxdur"
"Rusiyanın imkanları başqalarından daha çoxdur"Bu gün, 05:15 |
|
"ABŞ deyir Zelenski tezliklə vəzifədən getsin, Ukrayna Rusiya ilə təcili anlaşsın. Son 2 ildə Vaşinqton bu yelləncəkdə gah o tərəfə, gah bu tərəfə aşsa da, budəfəki basqısı yeni mərhələyə oxşayır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Səbəbi əlbəttə iqtisadidir. 3 noyabrda keçiriləcək ABŞ parlament seçkilərindən sonra fond və maliyyə bazarının özünü necə aparacağını heç kim bilmir. Süni intellektdən gözləntilər hesabına şişmiş bu bazarların qısa zamanda çökə biləcəyini çoxları ehtimal edir.
Bu çöküşü ertələmək, sonra isə indiyədək çap olunmuş artıq pulları bazarın özünə yavaş-yavaş həzm elətdirmək üçün Vaşinqton 2-3 il vaxt qazanmaq istərdi. Vaxt qazancı təminatçısı kimi Rusiyanın imkanları başqalarından daha çoxdur. Sanksiyalar onu qlobal bazarlardan bir qədər uzaqlaşdırıb. Qayıdışı isə onun iqtisadi resurslarının bazarda dolaşan artıq pulun təminatçısı qismində geri dönməsi anlamına gələrdi.
Təsadüfi deyil ki, Ukrayna üçün sülh məsələsində ayrı bir fəallıq göstərən həm də İlon Muskdır, dünyanın ən zəngin adamı. Bazarlara bir şey olsa, ən çox onun layihələri itirəcək.
Düzdür, Vaşinqtonun qəti qərarlaşdığını hələ demək olmur. Birincisi, baş verənlər media səs-küyü çərçivəsindən çox da qırağa çıxmayıb. İkincisi, bazarların haçan – 3-5 il sonramı, yoxsa ən yaxın aylarda çökəcəyini heç kim əminliklə deyə bilmir. Amma bu riskləri idarə etməkdən ötrü, Vaşinqton Moskva ilə ortaq mövqe imkanlarını indi sınaqdan keçirir.
Bu tənlikdə əvvəlcə həll olunası hissə odur ki, sözü gedən bazar çöküşü ümumiyyətlə ertələnsinmi, yoxsa olursa qoy olsun, sadəcə Amerikanın iki aparıcı partiyası ona yaxşı bəhanələr tapa bilsin?
3 noyabr seçkisində ABŞ parlamenti Trump əleyhdarlarının əlinə keçsə, hər iki partiya qarşılıqlı ittihamlar üçün yaxşı fürsət qazanacaq. Trumpçı respublikaçılar deyəcək: "Bazar elə seçki nəticəsinə baxıb çökdü". Demokratlar isə deyəcək: “Çöküşün səbəbi sizin prezidentin siyasətidir”.
Amma nə demokratları, nə də respublikaçıları tək bu söz güləşi tam qane edə bilməz. İctimaiyyətin diqqətini bazarın çöküşündən yayındıracaq ciddi beynəlxalq hadisəyə də ehtiyac var. Bu hadisənin mümkün yeri ya Rusiya–Ukrayna ya da İran cəbhəsidir. Ən yaxşısı isə, hər ikisi təxminən eyni vaxtda. Hadisə istər anlaşmadan, istərsə də şiddətləşmədən ibarət ola bilər. Vacibi olmasıdır.
Hamının bu cür qərarsız olduğu, götür-qoy elədiyi indiki durumda, geniş mətbuat fəal yazır ki, İranla müharibənin təcili başlanması və sonadək davam etməsi üçün İsrail Birləşmiş Ştatlara təzyiq göstərir. Təzyiqin taleyi İsraildə oktyabrın 26`da keçiriləcək seçkinin nəticəsindən asılıdır. Netanyahu uduzsa, təzyiq öz gücünü əsasən itirəcək. Ona görə, bəzi ehtimallara görə, Netanyahu İrana qarşı zərbələri hətta yaxın günlərdə başlatdıra bilər ki, heç kimin geriyə yolu qalmasın. Bu yaxınlarda, məhz Netanyahunun təzyiqini neytrallaşdırmaq üçün Trump 3 noyabr ABŞ seçkisinə qədər İranı vurmayacağını vəd etmişdi. Amma bu vədin möhkəmliyi təkcə Vaşinqtondan asılı deyil.
Netanyahunun müharibə basqısı da Vaşinqtonda Ukrayna üçün sülh axtarışını fəallaşdırır. Çünki bazar qəflətən çöksə, bu fonda İran cəbhəsinin də yenidən açılması Vaşinqtondakı hər iki partiyaya ziyandır. Heç olmasa Rusiya–Ukrayna müharibəsinin durdurulduğunu xalqa göstərmək lazım olacaq..."
Geri qayıt |