Əsas Səhifə > Güney Press > “MJ Finance” BOKT-un vəzifəli şəxsi

“MJ Finance” BOKT-un vəzifəli şəxsi


Bu gün, 09:34

“MJ Finance BOKT” ASC-nin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərini pozduğuna görə 2 000 manat cərimə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan ildirilir.

Məlumata əsasən, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən təşkilatın vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu, BOKT-un vəzifəli şəxsi ilə bağlı açıqlanmış ilk cərimə deyil. Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü ilin oktyabrında təşkilatın o vaxtkı “MJ Financial Services BOKT” adı altında fəaliyyət göstərən vəzifəli şəxsi 1 500 manat cərimə edilmişdi.

Həmin vaxt İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsi üzrə cəriməyə səbəb borcalanlar haqqında məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi qaydalarının pozulması olmuşdu.

Beləliklə, Mərkəzi Bankın açıqladığı nəzarət tədbirlərində bu BOKT-un vəzifəli şəxslərinə tətbiq edilmiş iki cərimə, ümumilikdə 3 500 manat qeydə alınıb. Hər iki halda cərimə birbaşa kredit təşkilatına deyil, onun vəzifəli şəxsinə tətbiq edilib.

XATIRLATMA:

“MJ Finance” 2019-cu ildə yaradılıb və Mərkəzi Bankın BKT-32 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Təşkilat 2026-cı ilin sentyabrında əvvəlki “MJ Financial Services” adını “MJ Finance” ilə əvəz edib.

Nizamnamə kapitalı 5,1 milyon manat olan BOKT-un səhmlərinin 70%-i Camal Aydınova, 30%-i isə Mədəd Rüstəmova məxsusdur. Hər iki səhmdarın borcların yığılması fəaliyyəti ilə məşğul olan “KollektA” ASC-də də ayrı-ayrılıqda 40% payı var.

Təşkilat fiziki şəxslərə istehlak və təcili kreditlər, həmçinin alışların maliyyələşdirilməsi xidmətləri göstərir. Əsas fəaliyyət istiqamətlərindən biri mebel və ev aksesuarlarının kreditlə satışının maliyyələşdirilməsidir.

2025-ci ilin yekunlarına görə, BOKT-un aktivləri 48,6% artaraq 21,97 milyon manata, müştərilərə verilmiş kredit və avanslar isə 16,32 milyon manata çatıb. Təşkilat ili 3,47 milyon manat xalis mənfəətlə başa vurub.


Geri qayıt