Əsas Səhifə > Güney Press > Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi


Bu gün, 09:47

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əsgər Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfidən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs tanışı ilə qabaqcadan əlbir olaraq özgənin xüsusilə külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə hərəkət edib.

Belə ki, Əsgər Yusifov Rusiyada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan əmisi zərərçəkmiş Qalib Məlikovun (adı, soyadı şərtidir) Azərbaycanda əldə etdiyi pul vəsaitlərini beynəlxalq pul köçürmə sistemləri vasitəsilə qanunsuz yollarla ona çatdırılmasını təşkil edib. Pul vəsaitləri bank rüsumlarından və digər vergi ödənişlərindən kənar şəkildə göndərilib.

Təqsirləndirilən şəxs bu prosesdə iştirak etməklə əmisinin etibarını qazanıb. Daha sonra zərərçəkmiş şəxs ona daha böyük məbləğlərdə pul vəsaitlərini Bakı şəhərinin müxtəlif ərazilərindən götürərək eyni qaydada Rusiyaya göndərməyi həvalə edib.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tanışı ilə birlikdə əvvəlcədən hazırlanan plana uyğun hərəkət edərək, zərərçəkmiş Qalibin hesabına köçürülməsi və ya onun müəyyən edəcəyi şəxsə çatdırılması məqsədilə verilən pulları mənimsəyib.

Belə ki, 2022-ci ilin müvafiq tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən “Günay Bank”ın inzibati binasının yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən 175 000 ABŞ dolları götürülüb. Həmin dövrün rəsmi məzənnəsi ilə bu məbləğ 297 500 manat təşkil edib.

Bundan sonra, 2022-ci ilin başqa bir tarixində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında daha 500 000 ABŞ dolları əldə edilib. Həmin məbləğin o dövrün məzənnəsi ilə 850 min manat olduğu göstərilib.

İttihama əsasən, hər iki halda əldə edilən pul vəsaitləri əvvəlcədən razılaşdırılmış vahid niyyət çərçivəsində ələ keçirilib. Beləliklə, zərərçəkmiş şəxsə ümumilikdə 1 147 500 manat məbləğində, xüsusilə külli miqdarda maddi ziyan vurulduğu bildirilib.

İttiham materiallarında göstərilib ki, Əsgər Yusifov və cinayətdə iştirak etdiyi bildirilən digər şəxs mənimsənilən vəsaitləri Qalibə qaytarmaq və ya vəd etdikləri kimi göndərmək əvəzinə, şəxsi məqsədləri üçün sərf ediblər.

Belə ki, pulun Bakı şəhərində yerləşən bahalı hotel və restoranlarda təşkil olunan məclislərə, istirahət mərkəzlərinə, avtomobillərin alqı-satqısı və icarəsi biznesinə yatırımlara, eləcə də digər şəxsi ehtiyaclara xərcləndiyi bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Yusifova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək həmin cəzanı şərti hesab edib və məhkum üçün 2 il sınaq müddəti müəyyənləşdirib.

Hökmlə razılaşmayan dövlət ittihamçısı apellyasiya protesti verib.


Geri qayıt