|
Müştərilər tərəfindən “Bank Respublika” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb. Yeniavaz.com xəbər verir ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb. Belə ki, hüquqi şəxslərin “Bank Respublika”dakı depozitləri son 9 ayda 34,7% və ya 261 milyon 606,6 min manat azalaraq bu ilin oktyabr ayının əvvəlində 491 milyon 825,54 min manata düşüb. Qeyd edək ki, “Bank Respublika”da vaxtı keçmiş kreditlərin (problemli kreditlər) də həcmi artıb. Son bir ildə bankın problemli kreditləri 18% və ya 4 milyon 328,2 min manat artıb. Bankın ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 1,25%-dən 1,37%-ə yüksəlib. Məlumat üçün bildirək ki, “Bank Respublika”nın səhmdar strukturu əsasən fiziki şəxslərdən formalaşıb. Son məlumatlara görə, bankda səhmdarların payı belə olub: Natiq Saday oğlu Quliyev – 63,32 faiz; Elçin Saday oğlu Quliyev – 18,46 faiz; Namiq Saday oğlu Quliyev – 8,47 faiz; Şakir Xəyyam oğlu Rəhimov – 5,45 faiz; SIDT (Sparkassen International Development Trust GmbH) – 4,22 faiz; Digərləri – 0,08 faiz.
“Bank Respublika” qrupunun son nəzarətedici tərəfi Natiq Saday oğlu Quliyevdir. Xatırladaq uzun illər mətbuatda “Bank Respublika”ın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olması ilə bağlı məlumatlar yayılıb. Lakin “Bank Respublika”nın ən böyük səhmdarı olan Natiq Quliyev yayılan məlumatları təkzib edib.
Geri qayıt
|