Əsas Səhifə > Güney Press > İranın Pakistanla quru sərhədində...

İranın Pakistanla quru sərhədində...


Bu gün, 14:41

İranın Pakistanla quru sərhədindən gediş-gəliş texniki problemlər səbəbindən müvəqqəti dayandırıldığı bəyan edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması müəyyən texniki problemlər və ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə əlaqədardır. İran və Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq sərhəd var.
Tehran sərhədin bağlandığını “texniki problemlərlə” əlaqəli olduğunu bəyan etsə də, bu qərarın Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə Məkkə Sazizişinə imza atmasıyla əlaqələndirmək olar. Tehran bu sazişi İrana və dəstək verdiyi husilərə qarşı alyans kimi qəbul edib. Sərhədin “texniki səbəblərlə” bağlanmasının arxasında Tehranın İslamabada mesajı dayanır. İranlı millət vəkili Əhməd Naderi bildirib ki, Pakistanın Yəmən xalqına qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməsi İslamabadın artıq İranla ABŞ arasında vasitəçiliyinə son qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi da son açıqlamalarının birində Məkkə Sazişinə imza atan dövlətlərin adını çəkmədən müqaviləni tənqid etmişdi. Səudiyyə Ərəbistanının Yəməndə husilərin hücumlarını dayandırmağa çalışması, o cümlədən husilərin Səudiyyə Ərəbistanı ərazisinə raket və dronlarla zərbələr endirməsi Ər-Riyadı qəti qərarlara məcbur edib. Türkiyə və Pakistan Məkkə Sazişindən irəli gələrək Ər-Riyada daha fəal dəstəyi lazıb biliblər. Saziş çərçivəsində Ər-Riyadda alyansın Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçirilib. Pakistan Səudiyyə Ərəbistanına hərbi dəstəyi artırmağa qərar verib. Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərməklə yanaşı bu ölkədə qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
ABŞ Prezidenti Donald Tramp açıqlamalarının birində Məkkə Sazişini dəstəkləməklə yanaşı Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyinə müsbət yanaşdığını bildirib. Görünür, Vaşinqtonda hesab ediblər ki, husilərlər mübarizəyə ABŞ əsgərlərini və hərbi texnikasını göndərməkdənsə, bu işi başqalarının görməsi daha məqbuldur. Pakistanın Səudiyyə Ərəbistanına fəal hərbi dəstəyi fonunda Tehranın İslamabadın vasitəçiliyindən imtina edəcəyini Vaşinqton anlamamış deyil. Bu amil Vaşinqton az narahat edir. İranla danışıqlar aparmaq üçün Vaşinqton Qətər və Omanın vasitəçilik imkanlarından istifadə edə bilər. Onsuz da ABŞ və İran heyətlərinin İslamabadda görüşləri nəticə verməmiş, iki ölkə arasında razılaşma əldə edilməmiş, Hörmüz boğazında gərginlik azalmamışdı. Buna baxmayaraq, Pakistanın vasitəçiliyi Pekin üçün əhəmiyyətli idi. Pakistan Çinin strateji tərəfdaşıdır. Pekin Vaşinqtonla Tehran arasında vasitəçi ola bilmədiyindən strateji tərəfdaşı İslamabadın vasitəçiliyini dəstəkləmişdi.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt