Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Səyyad Aran səhiyyə sahəsindəki infrastruktur dəyişikliyini şərh edərkən deyib.
O qeyd edib ki, bu birləşmənin Səhiyyə Nazirliyinin inkişafına kömək edəcəyinə əmin olmaq istərdi: “Düzdür, TƏBİB-in başçısı vəzifəyə gələndə bir cəhəti ilə fərqləndi. Bu da ondan ibarət idi ki, əksər rəhbər işçiləri işdən çıxartdı və bununla da yadda qaldı. TƏBİB-də bir yenilik yarada bilmədi. Məsələn, mən yenicə Saatlı və İmişlidən seçicilərlə görüşdən gəlmişəm. Şənbə günü hər iki rayonda oldum. Orada da seçicilər tərəfindən səhiyyə sahəsindən ciddi narazılıqlar edildi. Bildirdilər ki, optimallaşdırma adı altında kəndlərdəki tibb məntəqələri birləşdirilir. Arzu edərdim ki, yeni nazir Anar Bayramov bu məsələlərə çox ciddi fikir versin. Rayonlara şəkər xəstələrinə göndərilən dərmanların taleyi ilə ciddi şəkildə maraqlansın. Aranlı kəndində yaşlı bir kişi mənə dedi ki, dərmanları apteklərdə satdırırlar. Düzdür, cəhd etdim ki, faktı dəqiqləşdirim və apteki öyrənim, amma mümkün olmadı. Amma bu deyilirsə, demək nəsə var. Bu hallar olmamalıdır”.
Deputat onu da əlavə edib ki, 260 min nəfər əhalinin yaşadığı İmişli və Saatlıda bir dənə rentgen yoxdur.
“İmişli Mərkəzi Rayon Xəstəxanasında demək olar ki, baş ginekoloq yoxdur. O təyinat yeri boşdur. Həm Saatlı, həm də İmişlidə 6-7 həkim yeri boşdur. Bu o deməkdir ki, insanlar bir arayış almaq üçün ya Şirvan şəhərinə, ya da Bakıya gəlirlər. Axı, bu, əlavə xərcdir. Yolu demirəm… Müxtəlif hadisələr ola bilər. Bunun yaşlısı var, qadını var, orta məktəbi yenicə qurtaran gənci var. Bunlar niyə uzaq yol qət edib Şirvana, Bakıya gəlməlidir? Çox arzu edərdim ki, yeni nazir xalqın xeyrinə işləsin və bu məsələləri nəzərə alsın. Bu dəyişiklik təkcə vəzifə dəyişikliyi və ya yer dəyişməsi yox, keyfiyyət baxımdan dəyişiklik olsun”, - S.Aran vurğulayıb.
Milli Məclisin komitə iclasında sərt tənqid etdiyi sabiq səhiyyə naziri Teymur Musayevlə bağlı danışan deputat deyib ki, onunla görüşmək cəhdləri nəticəsiz qalıb: “Dəfələrlə zəng elədim, telefonuma cavab vermədi. Çünki o bilirdi ki, telefonu açarsa yenə də çatışmazlıqlardan danışacağam. Həkim təyinatından, səhiyyənin yerlərdəki vəziyyətindən, kadr çatışmazlığından danışacağam. Bunları bildiyi üçün də telefonlarıma cavab vermədi”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Prezidentin sərəncamı ilə Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin olunub.
Bir digər sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin edilib.
Xatıladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deputat Səyyad Aran səhiyyə naziri Teymur Musayevi sərt tənqid etmişdi. O, səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. Deputatın iddiasına görə əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə nazirə sözünü deyə bilmir.
