|
Bu ilin ilk 9 ayında ölkənin xarici ticarət dövriyyəsi 37,2 milyard dollar təşkil edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 23,86 milyard dolları ixracın, 13,35 milyard dolları isə idxalın payına düşüb. Ümumi ticarət dövriyyəsinə görə Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 9,19 milyard dollar təşkil edib və ümumi göstəricinin 24,69 faizinə bərabərdir. İkinci yerdə Türkiyə qərarlaşıb – 4,33 milyard dollar (11,63 faiz). Böyük Britaniya ilə ticarət dövriyyəsi 3,72 milyard dollar olub ki, bu da 10 faiz deməkdir. Çin isə 3,46 milyard dollarlıq göstərici ilə dördüncü yeri tutub (9,3 faiz). İlk beşlikdə Rusiya da yer alıb – 2,68 milyard dollar (7,21 faiz). Ümumi dövriyyədə Almaniya 983,6 milyon, Çexiya 958,2 milyon, Gürcüstan 888 milyon, ABŞ 759,6 milyon və Rumıniya 720,5 milyon dollarlıq göstəricilərlə təmsil olunublar. Digər ölkələrlə ticarət isə 9,52 milyard dollara bərabər olub (25,58 faiz). İxrac göstəricilərinə görə, İtaliya Azərbaycanın mütləq əsas tərəfdaşıdır. Bu ölkəyə 8,79 milyard dollarlıq məhsul göndərilib və ümumi ixracın 36,83 faizini təşkil edib. Böyük Britaniyaya ixrac 3,48 milyard dollar (14,59 faiz), Türkiyəyə isə 2,56 milyard dollar (10,74 faiz) olub. İlk beşlikdə Rusiya (916,6 milyon dollar) və Çexiya (910,3 milyon dollar) da var. Azərbaycan məhsullarının əsas alıcıları sırasında Gürcüstan (757,5 milyon), Rumıniya (680,2 milyon), Yunanıstan (611,3 milyon), Bolqarıstan (566,7 milyon) və İsveçrə (521,6 milyon) yer alıb. Digər ölkələrə ixracın ümumi dəyəri 4,07 milyard dollar təşkil edib. İdxal göstəricilərinə gəlincə, Azərbaycanın əsas tərəfdaşı Çin olub. Bu ölkədən 3,38 milyard dollarlıq məhsul idxal olunub ki, bu da ümumi idxalın 25,29 faizidir. İkinci sırada Rusiya gəlir – 1,77 milyard dollar (13,24 faiz). Türkiyədən idxalın dəyəri isə 1,77 milyard dollar təşkil edib (13,23 faiz). ABŞ-dən idxal 679,2 milyon dollar (5,09 faiz), Almaniyadan 560,7 milyon dollar (4,2 faiz), İrandan isə 442,4 milyon dollar (3,32 faiz) təşkil edib. İtaliya 399 milyon, Belarus 313,2 milyon, Yaponiya 239,5 milyon və Böyük Britaniya 237,8 milyon dollarlıq göstəricilərlə ilk onluqda yer alıb. Digər ölkələrdən idxalın dəyəri 3,57 milyard dollara çatıb.
Geri qayıt
|