Əsas Səhifə > Güney Press > DİM nazirliyə birləşdirilərsə:
DİM nazirliyə birləşdirilərsə:Bu gün, 15:40 |
|
Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan sonra digər sahələrdə də mümkün struktur dəyişiklikləri diqqət mərkəzinə gəlir. Bu baxımdan, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) birləşdirilməsi ehtimalı təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Hər iki qurumun fəaliyyəti təhsil sistemi ilə sıx bağlı olsa da, onların fərqli funksiyaları və səlahiyyətləri var. Belə bir birləşmə idarəetmədə koordinasiyanın gücləndirilməsi, tədris proqramları ilə qiymətləndirmə mexanizmləri arasında uyğunluğun artırılması və qəbul imtahanlarında mövcud problemlərin aradan qaldırılması baxımından yeni imkanlar yarada bilər. Bununla yanaşı, qiymətləndirmənin obyektivliyinin qorunması, qurumların səlahiyyət bölgüsünün düzgün müəyyənləşdirilməsi və islahatların real nəticələr verməsi üçün hansı addımların atılmalı olduğu da xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra məsələ daha da aktuallaşıb. Elm və Təhsil Nazirliyi ilə DİM-in vahid qurumda birləşdirilməsi təhsil sisteminin fəaliyyətinə və təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi gözlənilən idi: “Çünki TƏBİB-in ayrıca fəaliyyət göstərməsi doğru deyildi. Onun Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə o qədər də uğurlu addım deyil. Çünki DİM bütün imtahanları həyata keçirən qurumdur. Bura kənardan müdaxilələr doğru deyil. Yalnız o halda gələcəkdə birləşmə baş verə bilər ki, MİQ imtahanı, sertifikasiya və diaqnostika da məhz DİM tərəfindən keçirilsin. O zaman DİM Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərə bilər. Amma hazırda DİM obyektiv və şəffaf şəkildə idarə olunur və bunu da qoruyub saxlamaq vacibdir”. Ekspert qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətinə nəzarət baxımından DİM-ə hər hansı əlavə funksiyanın verilməsi də doğru deyil: “Çünki adından da göründüyü kimi, DİM imtahan keçirən qurumdur”. Geri qayıt |