Əsas Səhifə > Güney Press > Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir?

Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir?


Bu gün, 15:53

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar davam etsə də, sənədin rəsmən imzalanması və ratifikasiyası hələ qarşıda duran məsələlərdəndir.

Ermənistanın Baş naziri Nikol Paşinyan sazişin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirdiyini açıqlayıb.

Bu bəyanat sülh prosesinin perspektivləri, tərəflərin siyasi iradəsi və regionda normallaşma proseslərinin qarşılıqlı təsiri ilə bağlı suallar doğurur.

Maraqlıdır, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirməsi Ermənistanın sülh prosesinə yanaşması baxımından necə qiymətləndirilməlidir?

Türkiyə–Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması istiqamətində mümkün irəliləyişlər Azərbaycanla sülh danışıqlarının gedişinə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Azər Badamov açıqlama verib.

Deputat qeyd edib ki, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyası prosesinin 2031-ci ilədək uzana biləcəyinə dair açıqlamasını sülh prosesinin süni şəkildə ləngidilməsi kimi qiymətləndirmək mümkündür:

"Çünki yekun sülh sazişinin imzalanması qarşısında dayanan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır. Paşinyan daha əvvəl Konstitusiya dəyişikliyi ilə bağlı referendumun 2027-ci ilin əvvəlində keçirilə biləcəyinə dair fikirlər səsləndirmişdi.

Əgər referendum gələn ilin əvvəlində keçirilərsə və Konstitusiyada müvafiq dəyişikliklər edilərsə, sülh sazişinin imzalanmasının 2031-ci ilədək təxirə salınmasına hansı zərurət qalır?

Bu baxımdan, Paşinyanın son açıqlaması əvvəlki bəyanatları ilə müəyyən ziddiyyət təşkil edir və sülh prosesinin real vaxt qrafiki ilə bağlı suallar yaradır. Digər tərəfdən, 2031-ci ildə Paşinyanın hakimiyyətdə qalacağına və ya Ermənistanın siyasi vəziyyətinin indiki kimi olacağına heç kim zəmanət verə bilməz".

Azər Badamov vurğulayıb ki, sülh prosesini bu qədər uzaq tarixlə əlaqələndirmək siyasi qeyri-müəyyənliyi artırır və tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət etmir:

"Buna görə də, 2031-ci ilin sülh sazişinin imzalanması üçün mümkün tarix kimi təqdim edilməsi prosesi uzatmaq və məsuliyyəti gələcəyə yönəltmək cəhdi kimi də qiymətləndirilə bilər.

Əsas məsələ konkret tarixlər səsləndirmək deyil, mövcud maneələrin aradan qaldırılması istiqamətində real siyasi iradə nümayiş etdirməkdir. Türkiyə–Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması məsələsinə gəldikdə isə hesab edirəm ki, bu proses Azərbaycanla Ermənistan arasında sülh gündəliyindən ayrı nəzərdən keçirilməməlidir.

Türkiyə regionda davamlı sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın maraqlarını nəzərə alan mövqe sərgiləyir. Ankara ilə İrəvan arasında münasibətlərin tam normallaşması Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər.

Lakin bu addımların Azərbaycanla Ermənistan arasında yekun sülhün təmin olunması istiqamətindəki proseslə uzlaşdırılması vacibdir. Türkiyə–Ermənistan sərhədinin açılması birtərəfli texniki qərardan daha çox, regionda siyasi münasibətlərin ümumi vəziyyəti ilə bağlı məsələdir.

Əgər Türkiyə sərhədlərin açılmasını regionda davamlı sülhün formalaşması ilə əlaqələndirirsə, bu prosesdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da mühüm amil olaraq qalmalıdır.

Mən hesab edirəm ki, Türkiyə–Ermənistan münasibətlərinin tam normallaşması və sərhədin açılması Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin əldə olunması ilə paralel və uzlaşdırılmış şəkildə həyata keçirilməlidir.

Əks halda, regionda sülh və əməkdaşlıq prosesinin ayrı-ayrı istiqamətlər üzrə fərqli sürətlə irəliləməsi yeni siyasi suallar yarada bilər. Əsas məqsəd ayrı-ayrı ölkələr arasında münasibətləri normallaşdırmaqla kifayətlənmək deyil, Cənubi Qafqazda hər üç ölkənin təhlükəsizlik və iqtisadi maraqlarını nəzərə alan davamlı sülh mühitinin formalaşdırılması olmalıdır".


Geri qayıt