|

Oktyabrın 17 və 18-də İraqın paytaxtı Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib. Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Musavat.com xəbər verir ki, sessiyanın Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİNŞ tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin (“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik”) müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin əks olunması olub.
Belə ki, Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.
Milli Məclisin deputatı Pərvanə Vəliyevanın fikrincə, belə nüfuzlu beynəlxalq təşkilatın yekun sənədində Azərbaycanın maraqlarını müdafiə edən və ölkəmizin tələblərini əks etdirən müddəaların yer alması Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirilə bilər.
Deputat Musavat.com-a şərhində vurğulayıb ki, 57 ölkənin qəbul etdiyi yekun bəyannamədə bu məqamın əks olunması onu göstərir ki, həmin ölkələr bu mövqeni bölüşür və Ermənistanla sülh prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər:
“İslam Əməkdaşlıq Təşkilatının yekun sənədlərində Azərbaycanın haqlı mövqeyini əks etdirən müddəalar həmişə öz əksini tapıb və bu gün də tapır. Şübhəsiz ki, burada İslam həmrəyliyinin də mühüm rolu var. Azərbaycanın İslam dünyası ilə qurduğu düzgün və qarşılıqlı hörmətə əsaslanan dialoq, sıx əlaqələr və yüksək səviyyəli əməkdaşlıq İƏT-in qəbul etdiyi sənədlərdə də öz əksini tapır. Azərbaycan da öz növbəsində mütəmadi olaraq müsəlman ölkələrinə dəstək göstərir, İƏT çərçivəsində mühüm təşəbbüslərlə çıxış edir və müxtəlif layihələrin həyata keçirilməsinə töhfə verir. Bu qarşılıqlı əməkdaşlıq və həmrəylik Azərbaycanla İslam dünyası arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Ermənistanın sülhə sövq edilməsində, təbii ki, bu kimi bəyannamələr mühüm siyasi və diplomatik təsir vasitəsi ola bilər. Ermənistan da nəzərə almalıdır ki, İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsi bu məsələdə ortaq mövqe nümayiş etdirirsə, bu mövqeni diqqətdən kənarda saxlamaq mümkün deyil. Azərbaycanın mövqeyi isə birmənalı və aydındır: Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına yol açan müddəaları aradan qaldırmadan sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu, regionda davamlı və dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın atmalı olduğu mühüm addımlardan biridir”.
Geri qayıt
|