Əsas Səhifə > Güney Press > Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ
Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜDünən, 23:28 |
|
Uşaqlıq dostuna inanıb şirkət rəhbərliyini öz üzərinə götürən Firdovsi Vəliyev indi vergi tələsi ilə üz-üzədir. Adına 100 min manatdan çox borc yazılan və ölkədən çıxışına stop qoyulan vətəndaş iqtisadiyyat naziri Mikayıl Cabbarovdan kömək istəyir. İllər əvvəl devalvasiya və dollar kreditləri sıxıntısı çəkən Firdovsi Vəliyev, kömək əli uzatdığını sandığı uşaqlıq dostu və sinif yoldaşının xahişi ilə başqa bir şəxsə məxsus şirkətin rəsmi rəhbəri olmağa razılıq verib. Həmin vaxt sadəcə işçi kimi çalışıb əməkhaqqı alan vətəndaş, sonradan böyük bir maliyyə fırıldağının qurbanına çevrildiyini anlayıb. Firdovsi Vəliyevin sözlərinə görə, şirkətin faktiki sahibləri onun adından istifadə edərək Türkiyə birjasında əməliyyatlar aparıb, böyük idxal-ixrac dövriyyələri reallaşdırıblar. Lakin bütün bu maliyyə manevrlərinin acı nəticəsi – "ARRS" MMC üzrə 100 min manatdan çox vergi borcu və üstünə gələn faizlər – sırf kağız üzərindəki rəhbər olan Firdovsi Vəliyevin boynunda qalıb. Adına yaranan astronomik borc səbəbindən vətəndaşın ölkədən çıxışına rəsmi qadağa qoyulub. F.Vəliyev bildirir ki, bu qadağa onun şəxsi və ailə həyatını iflic edib: "Övladlarım xaricdə təhsil almaq və beynəlxalq futbol turnirlərində ölkəmizi təmsil etmək şansı qazanırlar, lakin mən valideyn olaraq onların yanında ola, xaricə səfər edə bilmirəm. Mən heç bir cinayət etməmişəm, sadəcə dost etibarının və saf niyyətimin qurbanı olmuşam". Zərərçəkən vətəndaş dəfələrlə Dövlət Vergi Xidmətinə və İbtidai İstintaq İdarəsinə müraciət etsə də, yalnız standart və məzmunsuz cavablar aldığını vurğulayır. Məsələnin mahiyyətini qərar verə biləcək rəhbər şəxslərə çatdıra bilməyən vətəndaş bildirir ki, aşağı qurumlar problemi həll etmək əvəzinə vaxt uzatmaqla məşğuldurlar. Firdovsi Vəliyev son ümid yeri kimi iqtisadiyyat naziri Mikayıl Cabbarova və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət edərək onları şəxsi qəbul etməyə çağırır: "Mən cənab nazirdən və DVX rəisindən xahiş edirəm ki, məni dinləsinlər. Mənim bu borclarda heç bir günahım yoxdur. Şirkətin faktiki idarəçiləri kənarda qaldığı halda, zərbə mənə vurulub. İnanıram ki, cənab Mikayıl Cabbarov bu məsələni şəxsi nəzarətinə götürsə, ədalət bərpa olunacaq və uşaqlarımın gələcəyinə qoyulan bu sədd aradan qaldırılacaq". Musavat.com Geri qayıt |