Əsas Səhifə > Güney Press > "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"

"Mən həqiqətən də Astara camaatından çox razı qaldım"


Dünən, 23:34

"“Ulduz” filmi Süleyman Ələsgərovun ən məşhur əsərlərindən biridir. Bu əsər ekran həyatı yaşamazdan öncə teatrda tamaşa kimi nümayiş olunurdu. 1964-cü ildə Ağarza Quliyev əsəri ekranlaşdıraraq “Ulduz” filminin çəkilişlərinə başladı. Film üçün o vaxtın məşhur aktyorları-Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov, Məleykə Ağazadə və digərləri seçilsə də, Yetər obrazını ifa etmək üçün aktrisa tapılmırdı. Yadımdadır, Yetər roluna görə 500-dən çox aktrisa fotosınaq çəkilişlərində iştirak etmişdi. Mən içəri girən kimi Ağarza Quliyev dedi ki, “yox, bu uşaqdır, nə Yetərbazlıqdır?!”. Filmin operatoru Yuli Fogelman idi. O mənə dedi ki, “bir az saçını böyük qızların saçı kimi yığ, geyimini başqa tərzdə seç və hündürdaban ayaqqabı geyin”. Mən də onun dediklərini etdim. “Fotoprob” etdilər, sınaq şəkillərim yaxşı çıxmışdı. Beləliklə Yetər roluna təsdiqlənərək çəkildim”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa və florist rəssam, Əməkdar artist Suğra Bağırzadə deyib. O daha sonra əlavə edib:

“Məni sınaq çəkilişlərinə Siyavuş Aslanla birgə salmışdılar. O da deyirdi ki, “bu uşağı mənimlə çəkilişə niyə salmısız, böyük, sanballı bir aktrisa çəkin də” (gülür). Mən axı uşaq idim. Hamı mənə uşaq kimi baxırdı. Aktyorların çoxu övladları ilə gəlmişdi, mən də onlarla birlikdə oynayırdım. Ağarza müəllim gördü ki, velosiped sürürəm, məni danlayıb dedi ki, “qorxmursan yıxılarsan, bu boyda çəkiliş, aktyorlar qalar ortalıqda?”. Məni o qədər qoruyurdular ki, gözlərindən uzağa getməyə qoymurdular” deyə o bildirib.

Suğra Bağırzadə bildirib ki, film Astara rayonunun Ərşivan qəsəbəsində lentə alınıb. O hələ də kənd sakinlərinin mehriban münasibətini unutmayıb:

“İnsanların bizə olan münasibəti, məhəbbəti hər addımda görünürdü. Harada çəkilirdiksə çəkilək, çalışırdılar ki, bizə çox böyük hörmət etsinlər. Mən həqiqətən də Astara camaatından çox razı qaldım. Sizə onu da deyim ki, oradakı qızlarla dostlaşmışdım, münasibət saxlayırdım. Onlar sonra Bakıya, mənim evimə qonaq gəlmişdilər. Bizdə qalmışdılar, birlikdə şəhəri gəzmişdik. İndi də bir çoxları mənimlə məktublaşır, tamaşam olanda baxmağa da gəlmişdilər. Mən onları çox sevirəm. Astaranı sevməmək mümkün deyil. O qədər gözəl təbiəti var ki, oradan doymaq olmurdu. Təsəvvür edirsiniz, Nəsibə xanımla Lütfəli müəllim Astarada rahat çıxıb gəzə bilmirdilər. Hər kəs onların başına yığışırdı, ünvanlarına xoş söz deyirdilər, deyib-gülürdülər. Hətta, Züleyxa və Məhəmməd obrazlarının çəkildiyi ləm indiyə qədər qədim tarixi memarlıq abidəsi kimi qorunub saxlanılır. Bu gün də həmin ləmi ora gələn turistlər ziyarət edirlər” deyə Suğra Bağırzadə bildirib.


Geri qayıt