Əsas Səhifə > Güney Press > Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi

Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi


Bu gün, 08:15

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Kazım Muradlının (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə, saat 20:00 radələrində paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində baş verib.

Belə ki, Kazım Muradlı sərxoş vəziyyətdə qonşusu, zərərçəkmiş Pənah Yusifovun (adı, soyadı şərtidir) yaşadığı fərdi yaşayış evinə gəlib. Qonşusu onun sərxoş halda evə gələrək ailə üzvlərinin narahatlığına səbəb olmasına irad bildirib və evi tərk etməsini tələb edib. Bu iradı bəhanə edən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə evin mətbəxində üzərində saxladığı məişət təyinatlı bıçaqla qonşusunun qarın nahiyəsinin sol tərəfinə bir zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsin qarınının sol yan səthində periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara yaranıb. Həmçinin nazik və enən çənbər bağırsağı zədələnib, bu xəsarətlər yayılmış peritonitlə müşayiət olunub. Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, xəsarətlər insan həyatı üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

Hadisədən sonra Kazım Muradlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Muradlı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab edib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirib.


Geri qayıt